Bütün məhsullar “HALAL” sertifikatlı olacaq – BU ÖLKƏDƏ

İndoneziya bu ilin oktyabr ayından etibarən bütün ərzaq məhsulları və gigiyena vasitələri istehsalçıları üçün “halal” sertifikatının alınmasını məcburi etməyi planlaşdırır.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, İndoneziya halal sertifikatının alınmasını artıq bu ilin oktyabrından məcburi hala gətirməyi nəzərdə tutur. Qanun oktyabrın 18-dən tam qüvvəyə minəcək və ərzaq məhsulları, eləcə də kosmetika satan şirkətlərə şamil olunacaq.

Bununla əlaqədar Halallığa Zəmanət üzrə Milli Agentlik (BPJPH) daha çox müəssisəni mümkün qədər tez halal sertifikatı almağa çağırıb. Çünki 2024-cü ilin oktyabrından etibarən iri müəssisələr artıq öz məhsullarında halal nişanından istifadə etməyə borcludurlar.

BPJPH rəhbəri Hikəl Həsən bildirib: “Müəssisələr halal sertifikatlarını əlavə yük kimi qiymətləndirməməlidirlər. Əksinə, bu sertifikatlar istehlakçıların etimadını qazanmaq və kommersiya rəqabət qabiliyyətini artırmaq strategiyasının bir hissəsinə çevrilə bilər”.

İndoneziya müəssisələrinin artıq xarici tərəfdaşlarla rəqabət aparmalı olması halal sertifikatlarını daha da əhəmiyyətli edir.

Hikəl əlavə edib: “Bir çox ölkə halal sənayesini iqtisadi imkan kimi qəbul edib. Bizim böyük potensialımız var və buna görə də bu sahədə əsas oyunçu olmalıyıq”.

İndoneziya xarici tərəfdaşlarla bir sıra qarşılıqlı tanınma sazişləri (MRA) imzalayıb. Bu razılaşmalar İndoneziyanın xarici ölkələr tərəfindən verilmiş halal sertifikatlarını tanıması və bunun əksinin də mümkün olması deməkdir ki, bu da bazarlara çıxışı asanlaşdırır.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, halal dəyər yaratma zənciri 2025-ci ilin üçüncü rübündə ümumi daxili məhsulun (ÜDM) 27%-ni formalaşdırıb.

İndoneziya dünyanın müsəlman əhalisinin üstünlük təşkil etdiyi ən böyük ölkəsidir: Təxminən 288 milyon nəfər əhalisi olan İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.

İndoneziyanın ticarət nazirinin müavini Diyah Roro Esti Vidya Putri bildirib ki, 2025-ci ildə ölkənin halal məhsullar üzrə ticarət saldosu 51,17 milyard dollar müsbət olub. Bu nəticə 63,42 milyard dollar həcmində ixracın həyata keçirilməsi ilə təmin edilib.

Dəyəri 34,16 milyard dollar olan palma yağı və onun emal məhsulları ölkənin halal ixracında ən böyük kateqoriya olaraq qalır. Sonrakı yerlərdə 8,67 milyard dollar dəyərində islam dəbi məhsulları və halal kosmetikada istifadə olunan 5,46 milyard dollar dəyərində kimyəvi maddələr qərarlaşıb.

Rəsmi şəxs bildirib ki, 2026-cı ilin birinci rübündə İndoneziyanın halal məhsul ixracı 15,64 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,52% çoxdur.

Hökumət dünya halal məhsulları bazarında İndoneziyanın payını artırmaq məqsədilə reklam kampaniyalarını gücləndirməyi, ixraca dəstək verməyi və xüsusilə Latın Amerikası, Afrika və Şimali Amerikada bazarları genişləndirməyi planlaşdırır.

Bu məqaləni paylaş