Almaniyada anomal istilər: 12,5 min nəfər həyatını itirdi

Bu il Almaniyada güclü istilər nəticəsində ölənlərin sayı təxminən 12 500 nəfərə çatıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Almaniyada güclü istilərlə əlaqəli ölüm halları ilə bağlı avqustun 2-nə olan məlumatları əhatə edən hesabat yayımlanıb.

Hesabatda qeyd olunur ki, 2026-cı ilin 15-ci həftəsindən 31-ci həftəsinədək ölkədə güclü istilər səbəbindən təxminən 12 500 nəfər həyatını itirib.

Son 10 il ərzində, xüsusilə 2018 və 2019-cu illərdə güclü istilər nəticəsində ölənlərin sayı yüksək olub: 2018-ci ildə 9 400, 2019-cu ildə isə 7 700 nəfər ölüb.

 

Güclü istilər xüsusilə yaşlı insanlara təsir edir

Güclü istilərin xüsusilə yaşlı insanlara ciddi təsir göstərdiyinə diqqət çəkilən hesabatda bildirilir ki, bu il avqustun 2-dək istilər səbəbindən ölənlər arasında 6 270 nəfərin yaşı 85-dən yuxarı olub.

Bu il güclü istilər nəticəsində ölənlərin 1 900 nəfəri 65–74, 3 110 nəfəri isə 75–84 yaş arasında olub.

Hesabatın müəllifləri bildirirlər ki, ölənlərin sayı güclü istilərin müşahidə edildiyi bu ilin 26-cı həftəsində xüsusilə yüksək olub. Onların hesablamalarına görə, iyunun 22-dən 29-dək həddindən artıq istilər nəticəsində təxminən 9 600 nəfər həyatını itirib.

Bu dövrdə Avropanı bürüyən isti hava dalğası Almaniyaya da təsir edib. İyunun 28-də Brandenburq federal torpağının Oder-Şpre rayonundakı Naysemünde icmasının tərkibində yerləşən Koşen qəsəbəsində havanın temperaturu 41,7 dərəcə Selsiyə yüksəlib. Bu, yeni temperatur rekordu olub.

RKI-nin iyulun 9-da yayımladığı hesabatda bildirilirdi ki, 2026-cı ilin 15-ci həftəsindən 26-cı həftəsinədək Almaniyada güclü istilər nəticəsində təxminən 5 120 nəfər ölüb.

Bu məqaləni paylaş