Az.shafaqna.com xəbər verir ki, DW-nin məlumatına görə, Almaniya Silahlı Qüvvələrindən (Bundesver) verilən məlumata görə, Şimali Reyn-Vestfaliya torpağındakı Mexernix hərbi bazası üzərində iki böyük naməlum dron uçuş həyata keçirib. Bu baza Almaniya ordusunun loqistikası üçün strateji əhəmiyyət kəsb edir. Hadisəyə görə məsuliyyət daşıyan tərəf hələlik açıqlanmayıb.
Almaniyanın WDR, NDR telekanalları və “Süddeutsche Zeitung” qəzetinin verdiyi məlumata görə, Bonn yaxınlığında yerləşən Mexernix şəhərindəki Bundesver bazasının mühafizəsi avqustun 7-si cümə gününə keçən gecə obyekt üzərində şübhəli pilotsuz uçuş aparatlarının (PUA) ümumilikdə altı uçuşunu qeydə alıb. Sonradan bu faktı Almaniya Ordusunun Əməliyyat Komandanlığının mətbuat xidməti də təsdiqləyib.
Qeyd olunur ki, sonuncu uçuş zamanı Oyskirxen dairəsinin polis əməkdaşları hadisə yerində olublar. Məxfi polis hesabatına əsasən, dronlardan biri onların üzərində bir neçə dövrə vurub. Hadisə ilə bağlı Oyskirxen polisi tərəfindən təhqiqat başladılıb.
Obyektdə “Patriot” HHM sistemləri təmir olunur
Polisin ilkin qiymətləndirməsinə görə, baza üzərində uçan PUA-lar “Fly-380 VTOL” modeli ola bilər. Bu model dronların qanad açılımı təxminən 3,8 metr, uçuş məsafəsi isə 400 kilometrə qədərdir. Onlar 150 km/saat sürət yığmaq və 10 kiloqramdan çox faydalı yük daşımaq qabiliyyətinə malikdirlər.
Mexernixdəki baza Bundesverin loqistikası üçün həyati əhəmiyyət daşıyır. Burada 130 metr dərinlikdə, 30.000 kvadratmetr sahəsi olan mühafizə olunan yeraltı qurğuda material-texniki təminat anbarı yerləşir. Anbarda hərbi texnika üçün avadanlıq və ehtiyat hissələri saxlanılır.
Bundan əlavə, ARD telekanalının “Tagesschau” proqramı qeyd edir ki, ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin (ZRK) texniki xidməti və təmiri ilə məşğul olan Bundesver mütəxəssisləri məhz burada çalışırlar. Bu amil bazanı Avropada unikal edir.
Leypsiq hava limanında partlayıcı maddə bərkidilmiş dron
Avqustun 5-i gecəsi isə Almaniyanın şərqindəki Saksoniya torpağında yerləşən Leypsiq-Halle hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsinin yaxınlığında başqa bir dron aşkar edilib. PUA-nın üzərində partladıcı və partlayıcı maddə olub. İşi Baş Prokurorluq öz üzərinə götürüb.
Almaniyanın Daxili İşlər naziri Aleksander Dobrindt (Alexander Dobrindt) bəyan edib ki, söhbət arxasında yüksək peşəkar cinayətkarların dayandığı hibrid terror ssenarisindən gedir. Hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları Moskva tərəfindən təşkil olunduğu ehtimal edilən təxribat cəhdini araşdırır.
Naməlum dronlar bundan əvvəl də Avropa ölkələrində, o cümlədən Almaniyada dəfələrlə qeydə alınıb. Belə ki, 2025-ci ilin sentyabrında Meklenburq-Ön Pomeraniya torpağının Sanits yaşayış məntəqəsindəki Bundesver bazası üzərində, növbəti gün isə Rostokda Almaniya Hərbi Dəniz Qüvvələrinin qərargahı yaxınlığında şübhəli PUA-lar müşahidə olunmuşdu. Ölkə hakimiyyəti bu dronların Almaniyanın mühüm infrastrukturlarını kəşfiyyat məqsədilə izlədiyini bildirir.
