İrandakı yəhudi icmasının liderindən qisas çağırışı – VİDEO

Az.shafaqna.com xəbər verir ki, İrandakı yəhudi icmasının liderlərindən biri, ravvin, doktor Hakam Hamami Lazar ABŞ Prezidenti Donald Trampı və İsrailin Baş naziri Binyamin Netanyahunu öldürməyə çağırış edib.

Onun bu bəyanatları İranda getdikcə kəskinləşən anti-İsrail ritorikası fonunda səslənib. Yəhudi icmasının digər nümayəndələri ilə birgə o, İsraildən qisas mövzusuna həsr olunmuş tədbirdə iştirak edib.

Hakam Tövratdan (Tövratın “Bəmidbar” kitabından) bir ayə sitat gətirərək İsraili kəskin pisləyib: “Tökülən qandan torpaq yalnız onu tökənin qanı ilə təmizlənə bilər”.

İran mediasına müsahibəsində o, Tövratə əsasən “tökülən qanın bədəlinin yalnız qatilin qanı ilə ödənilə biləcəyini” bildirib. O, fevralın 28-də İranın Ali Rəhbəri Əli Xameneinin qətlə yetirilməsini “qəddarlığın və insan həyatının dəyərinə tam sayğısızlığın ali təzahürü” kimi qiymətləndirərək, bu addımın guya “düşmənin heç bir sərhəd tanımadığını” sübut etdiyini deyib. Hakamın sözlərinə görə, Xameneinin öldürülməsi əmrini verən rəhbərlərin qətli “qan qisası” adlandırılmalıdır, çünki bu anlayış “daha aydın, dəqiq məna kəsb edir və həm regional, həm də beynəlxalq səviyyədə daha yaxşı qəbul olunacaq”.

O, həmçinin bəyan edib ki, “düşmən lideri aradan qaldıracaqları təqdirdə cəmiyyətin birliyinin pozulacağını hesablayırdı, lakin əksinə oldu – İran xalqı bu gün hər zamankından daha güclüdür”.

Yəhudi icmasının digər nümayəndəsi, İran parlamentinin deputatı Homayun Samex isə qərb ölkələrini İsrail və ABŞ-nin “terroruna” münasibətdə “ikiüzlü standartlar” yürütməkdə təqsirləndirib.

“Uzun illər ərzində İran İslam Respublikası terrorizmi dəstəkləməkdə ittiham olunub, lakin bu gün ABŞ və sionist rejim İran komandirlərinə, rəsmilərinə və dinc sakinlərə hücum edərkən həmin dövlətlər susurlar”, – deyə o bildirib. Hər iki şəxs “Qisas vədinin yerinə yetirilməsi” adlı konfransda çıxış edib. Tədbir zamanı Samex bəyan edib ki, İslam İnqilabının qələbəsindən sonra ilk günlərdən etibarən ABŞ və bir sıram “imperialist dövlətlər” özlərinə yaxın mediasının dəstəyi ilə guya İranı terrorizmi dəstəkləyən dövlət kimi qələmə verməyə çalışıblar.

O qeyd edib ki, Qərb “iranlılara qarşı törədilən terror qarşısında sükutunu qoruyur”. O, iddia edib ki, son bir ildə İsrail və ABŞ “terror üsulları ilə” çoxlu sayda İran komandirini, rəsmisini, siyasi və hərbi xadimini, eləcə də qadınları, uşaqları və digər dinc sakinləri qətlə yetirib. Bununla belə, onun sözlərinə görə, Qərb hökumətləri bu əməlləri pisləməyib, beynəlxalq media da bu kimi hadisələri işıqlandırmamağa üstünlük verir.

İsraildən qisas almağın vacibliyindən danışan Samex bildirib ki, “cinayətkarlardan qisas almaq dini dəyərlərin bir hissəsidir”. Onun sözlərinə görə, qisas və ədalətsizliklə mübarizə mövzusu bir çox dini ənənələrdə, o cümlədən Tövratda mühüm yer tutur və orada “qana qan, cana can” formulunda ifadə olunan ədalətli cəza prinsipi vurğulanır. O əlavə edib ki, İran İslam Respublikası “dünya xalqlarına və hətta öz düşmənlərinə bu hüququn qanuniliyini izah etməlidir” ki, hər kəs terrorizmlə mübarizənin və təqsirkarların cəzalandırılmasının xalqların haqqı və ədalətin tələbi olduğunu anlasın.

Məlumatı bir çox İsrail mediası da yayıb.

Bu məqaləni paylaş