Az.shafaqna.com-un verdiyi xəbərə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda ümumi gücü 52,8 MVt olan günəş elektrik stansiyaları layihəsinin maliyyələşdirilməsi məqsədilə 19,6 milyon ABŞ dollarınadək (17,2 milyon avro) həcmində kredit ayırmağı nəzərdən keçirir.
Bankın məlumatına görə, maliyyələşmə “Kakhetis Mze LLC”, “Mzis Veli LLC”, “Veli LLC” və “Alaznis Mze LLC” şirkətlərinə təqdim oluna bilər. Layihə hazırda ilkin qiymətləndirmə mərhələsindədir və AYİB-in Direktorlar Şurasında baxılması 9 sentyabr 2026-cı il tarixinə planlaşdırılır.
Məlumata əsasən, kredit vəsaiti Gürcüstanda ölkənin ən böyük kommunal miqyaslı günəş elektrik stansiyasının yaradılmasına yönəldiləcək. Layihə çərçivəsində 40,6 MVt gücündə yeni günəş elektrik stansiyalarının tikintisi, həmçinin ümumi gücü 12,2 MVt olan və artıq istismarda olan beş günəş elektrik stansiyası üçün yerli bankdan cəlb edilmiş körpü maliyyələşməsinin (bridge financing) yenidən maliyyələşdirilməsi nəzərdə tutulur.
Bank hesab edir ki, layihə Gürcüstanın bərpa olunan enerji istehsalını artırmaqla yanaşı, ölkənin hidroenerjidən asılılığını azaltmağa və elektrik enerjisi istehsalının şaxələndirilməsinə töhfə verəcək.
AYİB-in qiymətləndirməsinə görə, layihə istismara verildikdən sonra hər il təxminən 70,6 QVt-saat elektrik enerjisi istehsal edəcək və ölkədə karbon emissiyalarının illik təxminən 16,3 min ton azalmasına imkan yaradacaq. Bununla yanaşı, layihə özəl sektorun enerji bazarında iştirakını genişləndirərək rəqabətin güclənməsinə dəstək verəcək.
Bankın məlumatında qeyd olunur ki, layihə ümumilikdə 10 günəş elektrik stansiyasını əhatə edir. Onlardan beşi 2025-ci ildə istismara verilib, digər beş stansiyanın isə tikintisi davam edir. Aparılmış ekoloji və sosial qiymətləndirmə nəticəsində layihə üzrə risklərin məhdud, idarəolunan və AYİB-in ekoloji-sosial tələblərinə uyğun olduğu müəyyən edilib.
Bildirilib ki, layihə Paris İqlim Sazişinin həm iqlim dəyişikliyinin azaldılması, həm də uyğunlaşma məqsədlərinə uyğun hesab olunur. AYİB tərəfindən ayrılması planlaşdırılan maliyyənin 100 faizi “yaşıl maliyyə” kimi təsnif edilir.
Qeyd edək ki, layihənin ümumi dəyəri 19,641 milyon ABŞ dolları təşkil edir və AYİB tərəfindən ayrılması nəzərdə tutulan kredit layihənin tam maliyyələşdirilməsini əhatə edir.
