z.shafaqna.com xəbər verir ki, iyulun 23-də qərb kəşfiyyat xidmətlərinin yaydığı məlumata görə, İran İsraili yeni hərbi əməliyyatlara çəkməyə və hətta ilk zərbəni endirməyə cəhd edə bilər.
Mümkün eskalasiya qorxuları fonunda İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 24-ü, cümə günü hərbi kabinetin təcili iclasını çağırıb.
Qərb kəşfiyyatının qiymətləndirməsinə görə, Tehran İsrail rəhbərliyinin yenidən müharibəyə başlamaq istəməməsindən, eləcə də İsrail və ABŞ arasında yaranmış fikir ayrılıqlarından yararlanmağa çalışa bilər.
ABŞ Prezidenti Donald Tramp Axios nəşrinə verdiyi müsahibədə İrana qarşı “əvvəlki bütün zərbələrdən daha genişmiqyaslı, kütləvi hücum” ehtimalını nəzərdən keçirdiyini bildirib:
“Mən qərar qəbul etməyə çox yaxınam. Biz buna hazırıq,” — deyə ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, xahiş olunacağı təqdirdə İsrail “iki dəqiqə ərzində hücuma qoşulacaq”. Lakin Ağ Ev rəhbəri vurğulayıb ki, əməliyyata başlamaq üçün ABŞ-ın heç kimin köməyinə ehtiyacı yoxdur. O, həmçinin İsrailin iştirakının İranın mümkün raket cavabı baxımından “nəticələri” olacağı barədə xəbərdarlıq edib.
Tramp İran rəhbərliyinin danışıqlar aparmaq istədiyini, lakin hələ ki razılaşma bağlamağa hazır olmadığını iddia edib:
“Onlar hələ kifayət qədər ağrı hiss etməyiblər.”
Axios nəşrinin vasitəçilik səyləri ilə tanış olan regional mənbələrə istinadən verdiyi xəbərə görə, İran rəhbərliyi ABŞ-ın son təklifini qəbul etməyib. Mənbələrdən biri bildirib: “Biz cəhd edirik, lakin iranlılar kömək etmirlər.”
Mümkün gərginlik fonunda İsraildə maksimum hazırlıq rejim elan edilib. Artıq bir sıra bələdiyyələr ictimai sığınacaqların açıldığını bəyan ediblər.
Bununla belə, İsrail Müdafiə Qüvvələri yerli hakimiyyət orqanlarına mülki müdafiə təlimatlarının dəyişmədiyini və hələlik sığınacaqların açılması ilə bağlı rəsmi əmr verilmədiyini bildirib. Qərar verildiyi təqdirdə əhaliyə rəsmi kanallar vasitəsilə məlumat veriləcək.
Mənbələrin qiymətləndirməsinə görə, ABŞ Tehranı danışıqlar masasına qaytarmaq üçün həm diplomatik tələblər, həm də hərbi hədələrdən istifadə edərək İrana misilsiz təzyiq göstərir. Əks halda, İran genişmiqyaslı hərbi əməliyyatla üz-üzə qalacaq.
İsrailin yüksəksəviyyəli rəsmiləri bildirirlər ki, ölkə münaqişəyə yalnız İran tərəfindən hücuma məruz qalacağı təqdirdə qoşulacaq. Belə bir ssenaridə İsrail “sonadək gedəcək” və İrana son dərəcə ağır zərbə endirəcək.
İran soyuqqanlılığını qoruyur
Bununla yanaşı, ABŞ-ın İsraildən əməliyyata qoşulmağı xahiş edəcəyi variant da istisna olunmur. Lakin mövcud qiymətləndirmələrə görə, Vaşinqton hələlik bunda maraqlı deyil və Tramp İsrailin iştirakı ehtimalından İran rəhbərliyinə əlavə təzyiq rıçaqı kimi istifadə edir. Təhdidlərə baxmayaraq, İran son bir neçə gündə regional balansı dəyişən addımlar atır. İran tərəfi ABŞ və onun müttəfiqlərinə qarşı cavab zərbələrini kəskin şəkildə artırıb:
-
İordaniya: İordaniyadakı ABŞ hərbi hədəfləri və aviabazaları ardıcıl, kütləvi raket və dron hücumlarına məruz qalıb.
-
Bəhreyn və İraq Kürdüstanı: Bu regionlardakı ABŞ infrastrukturlarına, radar sistemlərinə və məlumat mərkəzlərinə endirilən zərbələr nöqtə dəqiqliyi ilə seçilib.
- Küveyt də hücumlara məruz qalıb və amerikalıların bazalarına dəqiq zərbələr endirilib.
ABŞ hərbi dairələri və analitikləri İran raketlərinin bu dərəcədə yüksək dəqiqliyə sahib olmasını Rusiyanın Tehrana verdiyi peyk və kəşfiyyat dəstəyi (kosmik naviqasiya və hədəf göstərmə) ilə əlaqələndirirlər. İranın nümayiş etdirdiyi bu soyuqqanlılıq göstərir ki, Tehran “gözə göz, dişə diş” döyüş strategiyasını mənimsəyib və Ağ Evdən gələn ultimatuimlardan qorxmaq fikrində deyil.
Ən çox narahatlıq doğuran məqam isə İranın münaqişə zonasını Yaxın Şərq çərçivəsindən çıxararaq Avropa sərhədlərinə qədər yaymaq imkanıdır. Tehran artıq Şərqi Aralıq dənizi və Balkan ölkələrinə açıq xəbərdarlıq ünvanlayıb:
Yunanıstan, Yunan Kipri və Bolqarıstan rəsmi olaraq xəbərdar edilib: Əgər bu ölkələr öz ərazilərini, hava məkanını və ya bazalarını ABŞ-ın İrana qarşı əməliyyatları üçün istifadəyə versələr, onlar avtomatik olaraq İran raketlərinin və pilotsuz uçuş aparatlarının birbaşa hədəfinə çevriləcəklər.
Qərb tərəfini təşvişə salan əsas amil də elə budur. İrandan atılan orta mənzilli ballistik və qanadlı raketlərin (2000 km-dək mənzil) Kipr, Yunanıstan və Bolqarıstandakı strateji obyektləri rahatlıqla vura biləcəyi reallığı NATO-nun cənub cinahında böyük gərginlik yaradıb.
Ağ Ev diplomatiya və hərbi təhdidləri birləşdirərək İrana “maksimum təzyiq” göstərməyə çalışsa da, Tehranın cavab həmlələri və logistik soyuqqanlılığı Vaşinqton və Təl-Əvivin hesablamalarını alt-üst edir. İranın müharibəni Kipr və Balkanlara qədər genişləndirmək hədələri Qərb koalisiyasını geri çəkilməyə və ya daha ehtiyatlı addımlar atmalar məcbur edir. Region artıq böyük bir alovun bir qığılcıma bənd olduğu ən kritik mərhələsinə daxil olub.
