Fransa prezidenti Emmanuel Makron ölkənin hərbi xərclərinin artırılmasını nəzərdə tutan hərbi planlaşdırma haqqında qanunu imzalayıb.
Az.shafaqna.com xəbər verir ki, o, bildirib ki, parlamentin bir neçə həftə əvvəl qəbul etdiyi, Konstitusiya Şurasının isə ötən günlərdə təsdiqlədiyi qanun artıq imzalanıb və yaxın zamanda rəsmi qəzetdə dərc olunacaq.
Qanuna əsasən, 2027-2030-cu illər ərzində Fransanın hərbi ehtiyacları üçün nəzərdə tutulan maliyyələşmə 36 milyard avro artırılacaq. Əlavə vəsait Silahlı Qüvvələrin müxtəlif istiqamətlərinin, xüsusilə informasiya təhlükəsizliyi və pilotsuz uçuş aparatları sahələrinin inkişafına sərf ediləcək.
Bununla da 2024-2030-cu illəri əhatə edən müdafiə proqramı çərçivəsində Fransanın ümumi hərbi xərcləri 400 milyard avrodan 436 milyard avroya yüksələcək.
Hərbi büdcədəki artım Fransaya NATO qarşısında götürdüyü öhdəliyi yerinə yetirərək hərbi xərcləri ÜDM-in 2,5%-i səviyyəsinə çatdırmağa imkan verəcək.
