Az.shafaqna.com-un verdiyi xəbərə görə, Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Hüseynov Tuqay Coşqun oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Tuqay Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilir.
İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdəki universitetlərin magistratura pilləsinə qəbul olunmasına kömək göstərəcəyi vədi ilə aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında Tuqay Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub, onun istintaqdan yayındığı nəzərə alınaraq Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqro Respublikasının ərazisində müəyyənləşdirilərək saxlanılıb.
Hazırda onun Azərbaycan Respublikasına təhvil verilməsi istiqamətində Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin xarici dövlətlərin ərazisində müəyyənləşdirilərək saxlanılması və onların Azərbaycana ekstradisiyasının təmin olunması məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə səmərəli əməkdaşlığını davam etdirir.
