Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 3,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

“Az.shafaqna.com” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iyunda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,8 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 3,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,7 % azalıb.

İyunda ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % artıb. Qeyri-qida mallarından əsasən boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatları ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə maya nisbətən 0,1 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turları bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Bu məqaləni paylaş