Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, Məkkədəki Hira Mədəniyyət Bölgəsində fəaliyyətə başlayan yeni muzey ziyarətçiləri Qurani-Kərimin nüsxələşdirilməsinin tarixi ilə tanış edir.
Hira Mədəniyyət Bölgəsində yerləşən Müqəddəs Quran Muzeyi Həzrəti Muhəmməd Peyğəmbər (s) dövründə Qurani-Kərimin yazılması üçün istifadə olunan materialların surətlərini nümayiş etdirir.
Muzey ziyarətçilərə ilahi vəhyin yazılı şəkildə qeydə alınmasının başlanğıcı və Peyğəmbərin (s) səhabələrinin Quran ayələrini necə yazıya aldıqları barədə maarifləndirici təcrübə təqdim edir.
Ekspozisiyada dəri perqamentlər, xurma budaqları, taxta və daş parçaları, eləcə də kürək sümükləri və qabırğalar kimi heyvan sümükləri nümayiş olunur.
Bu materiallardan Qurani-Kərim vahid kitab halına salınmazdan əvvəl istifadə edilirdi. İzahlı stendlər və interaktiv təqdimatlarla müşayiət olunan eksponatlar həmin materiallardan necə istifadə edildiyini nümayiş etdirir və Qurani-Kərimin orijinal şəkildə qorunub saxlanılması üçün göstərilən səyləri əks etdirir.
Hira Mədəniyyət Bölgəsinin əsas məkanlarından biri olan muzey müasir sərgi zalları və interaktiv texnologiyalar vasitəsilə Qurani-Kərimin tarixini, Quran elmlərini, onun yazılması və toplanması mərhələlərini təqdim edir. Muzey ziyarətçilərə maraqlı və interaktiv maarifləndirici təcrübə bəxş edir.
