Böyük Britaniyada quraqlıq və suya tələbatın artdığı dövrlərdə su şirkətlərinə istehlakçılar üçün tarifləri yüksəltməyə icazə verilməsi planlaşdırılır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, su sektorunun tənzimləyicisi “Ofwat” tərəfindən nəzərdən keçirilən təklifə əsasən, su ehtiyatlarının azaldığı vaxtlarda qiymətlərin artırılması mümkün olacaq. Bu addımın əsas məqsədi su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.
Təklif qəbul edilərsə, su şirkətləri mövsümə uyğun dəyişən tariflər tətbiq edə və müəyyən olunmuş istehlak limitini keçən ev təsərrüfatlarından daha yüksək ödəniş ala biləcəklər. Yeni sistemin tətbiqi üçün əksər evlərdə “ağıllı” su sayğaclarının quraşdırılması tələb olunacaq.
Planın detalları ölkənin təxminən 75 faizinin quraqlıqla üzləşdiyi bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyət qoyulub. Bununla yanaşı, Böyük Britaniyanın bəzi bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar davam edir.
“Ofwat” yaxın həftələrdə təklifləri təsdiqləsə, yeni tarif qaydalarının gələn ilin aprelindən qüvvəyə minməsi gözlənilir.
