Gürcüstana ən çox sərmayə yatıran ölkələr

Gürcüstan 2025-ci ildə birbaşa xarici investisiyaların həcmini 19,3 faiz artıraraq 1,9 milyard dollara çatdırıb. Azərbaycan isə ölkəyə ən çox investisiya yatıran dövlətlər arasında ikinci yerdə qərarlaşıb.

Az.shafaqna.com, Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) yenilənmiş göstəricilərinə əsasən, ötən il ölkəyə 1 milyard 900,4 milyon dollar birbaşa xarici investisiya daxil olub. Bu, 2024-cü illə müqayisədə 19,3 faiz, ilkin hesablamalarla müqayisədə isə 12,5 faiz çoxdur.

Ən böyük sərmayə 426,6 milyon dollarla Böyük Britaniyadan gəlib. Bu ölkənin ümumi investisiyalardakı payı 22,4 faiz olub. Azərbaycan 214,4 milyon dollar investisiya ilə ikinci, Türkiyə isə 202,4 milyon dollarla üçüncü sırada yer alıb. Azərbaycanın payı 11,3 faiz, Türkiyənin payı isə 10,6 faiz təşkil edib.

Beləliklə, 2025-ci ildə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların 44,4 faizi Böyük Britaniya, Azərbaycan və Türkiyənin payına düşüb.

Geostatın məlumatına görə, investisiyaların böyük hissəsini təkrar sərmayələr təşkil edib. Ötən il onların birbaşa xarici investisiyalardakı payı 82,5 faizə çatıb.

Sahələr üzrə isə ən çox vəsait maliyyə və sığorta sektoruna yönəldilib. Bu istiqamətə 633,2 milyon dollar, yəni ümumi investisiyaların 33,3 faizi yatırılıb.

Daşınmaz əmlak sektoruna 254,7 milyon dollar, ticarət sahəsinə isə 191,1 milyon dollar sərmayə qoyulub. Üç sektorun birlikdə ümumi investisiyalardakı payı 56,8 faiz olub.

Bu məqaləni paylaş