Az.shafaqna.com-un verdiyi xəbərə görə , bu ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyon manat məbləğində nöqsan aşkarlanıb.
Bu barədə qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə dair hesabatında bildirilir.
Məlumata əsasən, aşkar edilmiş nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.
Hesabat dövründə Hesablama Palatası 33 nəzarət tədbiri həyata keçirib. Bunlardan 20-si uyğunluq auditi, 2-si maliyyə auditi, 8-i səmərəlilik auditi, 3-ü isə analitik fəaliyyət olub.
Nəzarət tədbirləri təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, eləcə də sosial müdafiə sahələrini əhatə edib.
Bununla yanaşı, ilk dəfə 21 obyektdə dövlət maliyyə nəzarəti tədbiri keçirilib. Yoxlamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, publik hüquqi şəxsləri, məqsədli büdcə fondlarını, büdcədənkənar dövlət fondlarını və digər qurumları əhatə edib.
Hesablama Palatası həmçinin strateji plan üzrə nəzərdə tutulan tədbirlərin 90,7 %-nin icra olunduğunu bildirib. Hesabat dövründə beynəlxalq əməkdaşlıq çərçivəsində Özbəkistan və Pakistanın ali audit orqanları ilə əməkdaşlıq genişləndirilib, həmçinin INTOSAI platforması çərçivəsində bir sıra beynəlxalq tədbirlərdə iştirak təmin olunub.
