
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda yerləşən 2 085 dövlət və 220 özəl məktəbindən 1577-də tədris prosesi sinif otaqlarında başlayıb. Digər məktəblər isə distant təhsil rejimində qalıb.
Bu barədə Gürcüstan Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bütün məktəblər maskalar, dezbaryerlər (dezinfeksiyaedici xalçalar), dezinfeksiya məhlulları və termoskrininq aparatları ilə təmin ediliblər. Məktəblər həmçinin 1-ci siniflər üçün dərslik və kompüterlərlə də təchiz ediliblər.
Distant təhsilə gəlincə isə, 600 mindən çox şagird və təxminən 55 min müəllim artıq xüsusi profilləri aktivləşdiriblər və onlar “Microsoft office 365”-in onlayn plarformalarından istifadə edə bilirlər.
EMIS rəsmiləri “TEAMS” proqramında bütün Gürcüstan məktəbləri üçün virtual sinif otaqları yaradıblar və müəllimlərə təhsil prosesi üçün lazım olan texnoloji alətlərdən istifadə etməyə kömək edirlər.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Gürcüstanda 2 martdan təhsil prosesi bütün məktəblərdə dayandırılmışdı. Tədris ili ölkədə 15 sentyabrda yenidən başladı, lakin epidemioloji vəziyyətin pisləşməsinə görə, hökumətin qərarı ilə, bir sıra şəhər və bölgələrdəki məktəblər növbəti ayadək distant rejimdə təhsil verəcəklər.






























