
“Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq.”
Az.shafaqna.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında deyib.
İlham Əliyevin bu barədə çıxışı: “Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.
Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır. Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır.”






























