Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonun Nikosiyaya səfəri zamanı Vaşinqtonla yunan Kipri arasında əldə edilmiş 12 sentyabr memorandumu Aralıq dənizinin şərq hissəsində sülh və sabitliyin təmininə heç bir töhfə vermir və Kiprdəki danışıq prosesinə zərbə endirəcək.

Bu barədə Türkiyə XİN rəsmisi Hami Aksoy bildirib.

Türkiyəli diplomat xatırladıb ki, Pompeonun sözügedən səfəri zamanı “Kipr Quru, Dəniz və Liman Təhlükəsizliyi Mərkəzi” adlı təlim mərkəzinin yaradılmasını nəzərdə tutan Həmrəylik Memorandumu imzalanıb.

Aksoy qeyd edib ki, həmin sənəddə Kiprin türk icmasının maraqları nəzərə alınmayıb ki, bu, kökündən yolverilməzdir.

Həmçinin o, yunan Kiprinə tətbiq edilən silah embarqosunun ABŞ tərəfindən ləğvi və Nikosiyanın IMET hərbi təlim proqramına daxil edilməsi barədə də xatırlatma edib.

ABŞ Kiprin icmaları arasındakı güc balansını pozur və bu, Şərqi Aralıq dənizində gərginliyin artmasına səbəb olur”, – deyə o bildirib.

Aksoy Pompeonun səfər proqramı zamanı adanın türk icmasına səfəri yoxluğuna da işarə edib.

Kiprin türk əhalisinin maraqlarına etinasızlıq danışıqlar masası arxasında güzəştə getmək istəməyən Kiprin yunan icmasının lehinədir və bu, adadakı sülh perspektivlərini uzaqlaşdırır. Türkyə ABŞ-ı qərəzsizlik kursuna geri dönməyə və Kipr məsələsinin həlli üzrə səylərə töhfə verməyə davam etməyə səsləyir”, – deyə o qeyd edib.