
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsinə baxmayaraq, ölkədəki parlament seçkilərinin tarixinin dəyişdirilməsi planlaşdırılmır.
Bu barədə Gürcüstan Baş naziri Giorqi Qaxariya bəyan edib.
“Seçki tarixinin dəyişdirilməsi və ya seçkiqabağı prosesə hər hansı bir dəyişikliklər gündəlik yoxdur… Həmçinin iqtisadiyyata birbaşa təsir edəcək məhdudiyyətlər də gündəlikdə yoxdur”, – deyə Qaxariya bildirib.
Xatırladaq ki, son günlərdə Gürcüstanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bu fonda bəzi müxalifət liderləri seçki tarixinin dəyişdirilməsi zərurəti barədə danışmağa başlayıblar.
Hakimiyyət əmin edir ki, ölkədəki məhdudiyyətlər və yoluxanların sayının artması seçkiqabağı mühitə təsir etməyəcək və seçkilər təyin edilmiş tarixdə – 2020-ci il 31 oktyabrda keçiriləcək.
Konstitusiya üzrə mütəxəssislər bildirirlər ki, seçkilərin tarixini dəyişdirmək üçün 2 yol var. İlk variant konstitusiyaya dəyişikliklərin edilməsidir. Digər variant isə fövqəladə halın elan edilməsidir. 2-ci halda səsvermə FH bitdikdən sonra 45 gündən tez və 60 gündən gec olmamaq şərti ilə keçirilməlidir.
Xatırladaq ki, Baş nazir Giorqi Qaxariya ikinci dalğanın başladığını deyib.





























