İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb.

“Az.shafaqna.com” xəbər verir ki, imzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf imzalanan bəyannamənin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin adından tədbir iştirakçılarını salamlayan parlament sədri Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yenidən qardaş Türkiyə Respublikasına səfər etməyindən məmnun olduğunu bildirib, Türkiyə Böyük Millət Məclisinin sədri professor Mustafa Şentopa Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünə dəvətə, göstərdiyi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Bir neçə gün öncə qardaş Türkiyə xalqının 15 İyul – Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümünü qeyd etdiyini xatırladan Milli Məclisin sədri Azərbaycan xalqının və dövlətinin bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pislədiyini, hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.

Qeyd edilib ki, təxminən bir il bundan əvvəl Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib. Həmin görüşdə parlamentlərimiz arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Bu format böyük əhəmiyyətə malikdir. Belə ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafı ilə xarakterizə olunur. Xalqlarımızın təmsilçiləri olaraq biz parlamentarilər də bu platformanı yaratmaqla həmin prosesə öz töhfəmizi veririk. Bu platforma həm də parlament diplomatiyasının müasir dövrdə beynəlxalq əməkdaşlığın mühüm vasitəsi kimi vacib rolunu vurğulayır.

Bildirilib ki, ötən dövr ərzində beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz və səmərəli əməkdaşlığımız da bu üçtərəfli formatın zəruriliyini bir daha təsdiq edir.

İkinci Üçtərəfli Görüş çərçivəsində biz bu formatın daha da gücləndirilməsi, üç ölkə parlamenti arasında praktiki əməkdaşlıq platformasına çevrilməsi imkanlarını nəzərdən keçirdik, gələcək inkişaf perspektivlərini müzakirə etdik.

“Mən İkinci Üçtərəfli Görüş çərçivəsində qəbul etdiyimiz İstanbul Bəyannaməsini də qeyd etmək istərdim. Bəyannamədə bir çox önəmli məsələlərə dair fikir birliyimiz və ortaq mövqeyimiz öz əksini tapıb. Bu mənada, Bəyannamə qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.

Mən xüsusən Azərbaycan Respublikasının işğaldan azad olunan torpaqlarının bərpası və yenidən qurulmasına, Cənubi Qafqazda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mehriban qonşuluq münasibətlərinin yaradılmasına verdikləri dəstəyə görə qardaş ölkə parlamentlərinə öz təşəkkürümü bildirirəm”, – deyə Milli Məclisin sədri ifadə edib.

Azərbaycan parlamentinin spikeri bildirib ki, bu gün apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar üçtərəfli əməkdaşlığımızın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Əvvəlki məqaləHindistan 15-ci prezidentini seçib
Növbəti məqalədəAzərbaycanda kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR