Az.shafaqna.com xəbər verir ki, bu hekayəni mərcəi təqlid müctehidlərindən olan Ayətullah Əl Üzma Vəhid Xorasani nəql edir:
“Biz mərhum Mirzanın dərsinə getdiyimiz zaman dərsdə Şeyx Həsənxani adlı bir nəfər də var idi. Mərhum Hacı Şeyx Əli Əkbər Novğani bu hadisəni mənə demişdi. Hadisə müfəssəldir və hamısını deməyə imkan yoxdur. Xülasəsi belədir:
O dövrdə – Rzaxanın gəlişindən qabaq ruslar İrana gəlmişdilər. O, ruslarla mübarizə aparmaq üçün hazırlanmış orduda həkim işləyirdi. O deyirdi: Bir gün öz poliklinikamda oturmuşdum, əsgərləri müalicə edirdim. Bir əsgər gəldi, başqa əsgərlərdən tam fərqli idi. Baxanda gördüm ki, səcdənin təsirindən alnı pinə bağlamışdır. Zahiri quruluşu adi əsgərlər kimi deyildi. O dedi: “Mənə güllə dəyib, gəlmişəm ki, onu çıxarasınız.” Mən dedim: “Bu iş sadə bir iş deyildir ki! Onu çıxartmaq üçün əvvəlcə sənin bədənini keyləşdirməliyik, sonra yarıb gülləni çıxartmalıyıq.” Dedi: “Bu işlər lazım deyildir, mən özüm özümü bihuş edib keyləşdirəcəyəm, sonra da özüm özümü ayıldacağam.”
Biz heyrətdən donub qaldıq, çarpayının üstündə uzandı, tavana bir nəzər saldı, belə dediyini eşitdik: “Bismillahi Nur, Bismillahi nurin-nur, Bismillahi nurun əla nur…” Davamını astadan dedi, biz nə dediyini başa düşmədik.
Bədəninə baxanda gördük ki, sanki onda ruh yoxdur, taxta kimi qurumuşdur. Cərrahiyyə əməliyyatını başlayıb gülləni çıxartdıq, yerini tikdik. Sonra kənara çəkildik. Birdən o gözlərini açdı, həmin kəlmələri dedi və qalxıb oturdu. Biz heyrətdə qaldıq ki, görəsən bu kimdir? Soruşduq: “Sən kimsən? Haralısan?” Dedi: “Adım Hüseyndir, özüm də Savucbulaqdanam.” Soruşduq ki, hansı məzhəbdəsən? Dedi ki, hənəfi. Sonralar başa düşdük ki, hənəfi dedikdə məqsədi “İbrahimin hənif dini”ni nəzərdə tutur.
O getdi, iki-üç gündən sonra gəlib müraciət etdi. Yarasının üstünü açdıq, soruşduq: “Sən nəçisən? Şübhəsiz ki, sadə əsgər deyilsən! Bizim üçün müəmmadır.” Mənim dilimdən çıxdı və dedim: “Siz İmam Zaman (əleyhissalam)-ın əsgərlərindənsiniz!” Bu sözü eşidən kimi bədəni titrəməyə başladı, dedi: “Bu nə qələtdir ki, edirsiniz?! Biz hara, o hara?! O elə bir kəsdir ki, yalnız yeddi nəfər onu görə bilər. Biz isə o yeddi nəfərlə əlaqədəyik.” Şahid – bu sözdür.
Hadisə müfəssəldir. Dedi ki, biz o yeddi nəfərlə əlaqə yaradırıq, mən bu məntəqənin məmuruyam. Sonra dedik ki, nə üçün İmam Zaman (əleyhissalam) bu ölkəyə nəzər yetirmir? Axı bu camaat rusların əlində bu qədər giriftar qalmışlar?! Dedi: “İmam Zaman (əleyhissalam) bu ölkədən çox da razı deyildir.” Özü də elə bir dövrdə. İndi görəsən necə olar?! Sonra dedi: “O həzrətin inayəti yalnız Aşuraya görədir.” Aşura budur!
Çalışın camaatı Aşuranın və əzadarlığın əzəməti ilə tanış edəsiniz.(5) Camaata başa salın ki, hadisə necə bir hadisə idi: Həzrət Hüseyn ibni Əli (əleyhissalam) üçün “… görünənlər və görünməyənlər hamısı ağladı.” İmam Zaman (əleyhissalam)-ın mərhəmətli nəzəri yalnız bu günün bərəkətinə görədir. Aşuranın əzəmətini camaata başa salın.
Dedim ki, siz əlaqədə olduğunuz şəxslərin vasitəsi ilə o həzrətdən xahiş edin, bu çətinliyi həll etsin. Dedi: “Bunu həll etməyə ki, İmam Zaman lazım deyil!” Yerindən hərəkət etdi və (rusları nəzərdə tutub) ucadan dedi: “Gedin!” Bu kəlməni günortadan qabaq dedi. Axşam çağı gördük ki, rusların ordusunda həyəcan yaranıb, hamı ora-bura qaçır, vəsaitlərini toplayır. Nə olduğunu soruşduqda dedilər ki, çardan teleqraf gəlib ki, təcili hərəkət edək. İmam Zaman (əleyhissalam)-la əlaqəsi olan o yeddi nəfərlə əlaqəli olan bir nəfərin sadəcə bir nəfəsinin təsiri belə təlatüm yaradır!
Quranı və xüsusilə “Tövhid” surəsini oxuyub İmam Zaman (əleyhissalam)-a hədiyyə etmək
Bunları camaata yaxşı-yaxşı başa salın. İnşallah, hamınız bu yolu davam etdirin, heç vaxt Quranı tərk etməyin, oxuyun və o həzrətə hədiyyə edin. Hər yerə getsəniz, savadı olanlara bu tövsiyəni edin, savadı az olanlar isə “Tövhid” surəsini təkrar oxusunlar və onu İmam Zaman (əleyhissalam)-a hədiyyə etsinlər. Bu yolla onun mərhəmətli nəzərləri inşallah, həm sizə, həm də dinləyicilərə şamil olacaqdır.”

Əvvəlki məqaləBDU-da qrafen oksid kompozitlərinin ekologiyada tətbiqi müzakirə olunub
Növbəti məqalədəİmam Museyi Kazimin (ə) mövlud günüdür