“Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz. İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır”, – Az.shafaqna.com xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
İranlı diplomat sonra deyib: “Siz də qeyd etdiyiniz kimi, bizim üçtərəfli və dördtərəfli regional əməkdaşlığımız bundan sonra da davam edəcək. Regional və beynəlxalq təşkilatlar çərçivəsində bizim ortaq mövqelərimiz var və bir-birimizin mövqelərini dəstəkləməyə davam edəcəyik. Mən əminəm ki, Sizin müdrikliyiniz sayəsində hazırda yüksək səviyyədə olan münasibətlərimiz bundan sonra da inkişaf edəcəkdir. İnşallah, tezliklə Sizin və cənab Prezident Həsən Ruhaninin iştirakı ilə keçiriləcək videokonfransda biz münasibətlərimizin daha da inkişaf etdirilməsinin şahidi olacağıq.”































