
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, oktyabr ayı üçün Gürcüstanın Ali təhsil müəssisələrinə sosial müdafiəsi olmayan tələbələrin təhsili üçün pul vəsaitləri köçürüləcək.
Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Nunu Mitskeviç məlumat verib.
Xatırladaq ki, Baş naziri Giorqi Qaxariyanın təşəbbüsü ilə, sosal müdafiəsi olmayan ailələrdən olan və reytinq balı 150 mindən aşağı olan tələbələrin 2019-2020-ci təhsil ilində yaz semestrinin və 2020-2021-ci təhsil ilinin payız semestrinin qiyməti tam ödəniləcək.
“Bildiyiniz kimi, təhsil ili 2 semestrdən ibarətdir. Bu halda söhbət ölkədə koronavirusla bağlı iqtisadiya çətinliklərin yarandığı dövrdən gedir”, – deyə Mitskeviç qeyd edib.
Təhsil ödənişinin tam maliyyələşdiriləcəyini deyən təhsil naziri bu istiqamətdə işlərin artıq başladıldığını və siyahıların artıq müəyyən edildiyini əlavə edib.
Onun sözlərinə görə, nazirlik həmçinin 1-ci kursların da qəbulunu gözləyir ki, onların arasında olan sosial müdafiəsiz tələbələri müəyyən etsin.





























