
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda xaricdən vətənlərinə geri dönən bütün gürcüstanlılar üçün tətbiq edilmiş məcburi karantin və özünütəcrid məsələsi yenidən gözdən keçirilir.
Gürcüstanın Xəstəliklər və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze deyib ki, karantin və özünütəcrid üçün təyin edilmiş müddət 12 gündən 8 günədək azaldıla bilər.
Xatırladaq ki, hazırda xaricdən vətənlərinə geri dönən və ya xəstə şəxslə kontaktda olmuş bütün Gürcüstan vətəndaşları 12 günlük məcburi karantindən keçməlidirlər. Özünütəcrid müddəti də 12 gündür.
“Karantin artıq 14 gündən 12 günədək azaldılıb. Hazırda bir neçə mexanizm hazırlanma prosesindədir”, – deyə o bildirib.
Onun sözlərinə görə, yeni yanaşma metodunda karantin və özünütəcrid müddəti 8 günə salına, ardınca isə test və ya digər yanaşmalar tətbiq edilə bilər.
Bundan başqa, Gürcüstana gələn hər bir kəs, mövcud qaydalara əsasən, gəlişdən ən geci 72 saat öncə verilmiş COVID-19 testinin nəticələrini təqdim etməlidirlər. Karantinə razı olmayan şəxslər isə 12 gün ərzində hər 72 saatdan bir test verməlidirlər.
Xatırladaq ki, hazırda Gürcüstanda karantində 6020 vətəndaş var.






























