Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı dezinfeksiya işləri – FOTO, VİDEO

112
0
Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb. Az.shafaqna.com xəbər verir ki, AZAL-ın məlumatına görə, dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib.
Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır.
Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb.
Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiyaedici məhlulla emal edilib.

Qeyd edək ki, hazırda paytaxt hava limanından Naxçıvan, İstanbul, Berlin, London, Dubay və Minsk şəhərlərinə uçuşlar həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yükdaşıma həcmi, qalxma və enmə əməliyyatlarının sayı, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.

Britaniyanın nüfuzlu Skytrax konsaltinq şirkəti tərəfindən aparılan auditin nəticələrinə görə Azərbaycan paytaxtının hava limanı sərnişin xidmətinin səviyyəsinə görə dünyanın illik 5 milyon nəfərədək sərnişin axını olan hava limanları sırasında ən yaxşı hava limanı seçilmişdir.

Xidmət səviyyəsinə görə Avropada, Orta Şərqdə və Amerika qitələrində lider hava limanlarını geridə qoyur. Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl  olaraq dördüncü ildir ki, bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı kimi tanınıb.