Müsəlman nənə 84 yaşında universitet üçün imtahan verdi

Türkiyəli müsəlman xanım Günəş Önürme 84 yaşında ali təhsil ocağına qəbul üçün imtahan verib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, öz natamam təhsilini başa çatdırmaq məqsədilə Ordu şəhərinin sakini oxumaq və yazmağı öyrənmək üçün 2013-cü ildə şəhərdəki Dövlət Təhsil Mərkəzinə ərizə verib.

Daha sonra isə o, orta məktbəb təhsilini başa vuraraq, nəhayət, orta təhsilə dair attestat alıb.

Müsəlman xanım bu nailiyyətilə kifayətlənməyib və yaşına baxmayaraq, təhsilini davam etdirmək qərarına gəlib.

“Mənim incəsənətə böyük marağım var. Ən əvvəldən mən təsviri incəsənət fakültəsində oxumağı arzulayırdım”, – deyə o bildirib.

Önürme deyib ki, imtahan verərək öz məqsədinə çatıb və bununla da, öz arzusuna doğru getmək üçün heç vaxt gec olmadığını göstərmək üçün öz timsalında hər kəsə nümunə olmaq istəyib.

Günəş ananın 18 nəvəsi var və hamısı öz nənələrini bu cəhdində dəstəkləyib.

O, həmçinin gənclərə də məsləhət verib: “Hər kəs bunu bilməlidir. Kitab oxumaq çox xoşdur. Mütaliə edərək biz hərtərəfli yaxşılaşırıq. Məni görən bir çox gənc insanlar yenidən oxumaq qərarına gəlib“.

Bu məqaləni paylaş