Photo by Kelly Lacy from Pexels

Az.shafaqna.com “New York Daily News”-ə istinadən xəbər verir ki, Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın tərəfdarı maşını ilə “Black Lives Matter” etiraz aksiyasının iştirakçılarını əzib.

Qeyd edilir ki, yüzlərlə insan Roçester şəhərində afroamerikalının polis tərəfindən boğularaq qətlə yetirilməsinə etiraz edirdilər.

Etirazçılar velosipedlərlə canlı zəncir əmələ gətirərək hərəkəti dayandırmağa çalışıblar. Bu zaman “Ford” markalı avtomobil onlara yaxınlaşaraq dayanıb. Daha sonra avtomobil hərəkətə keçərək izdihamın arasından keçərək bir neçə nəfərin yüngül xəsarət almasına səbəb olub.

Polisin məlumatına görə, sükan arxasında oturan şəxs Trampın tərəfdarı olub və o, prezidentə dəstək mitinqindən geri qayıdırdı.

Polis insidentlə bağlı araşdırmaya başlayıb və xəsarət alanlardan polisə müraciət etmələrini xahiş edir.

Xatırladaq ki, 25 mayda afroamerikalı Corc Floydun polis tərəfindən qətə yetirilməsindən sonra ölkədə irqçilik əleyhinə kütləvi etirazlar keçirilir. Etirazların olmasına baxmayaraq, polis həmin hadisədən sonra da saxlama zamanı daha bir neçə qaradərilini qətlə yetirib. Bir neçə gün isə hələ mart ayında baş vermiş və polisin boğması nəticəsində başqa bir afroamerikalının da qətlə yetirildiyi üzə çıxıb.