
Az.shafaqna.com RenTV-a istinadən xəbər verir ki, ABŞ polisinin əməkdaşları afroamerikalının başına torba keçirərək onu iki dəqiqəyə yaxın asfalta sıxılı vəziyyətdə saxlayıblar. Həmin şəxs nəfəs tutulmasından dünyasını dəyişib.
Bu barədə “Democrat and Chronicle” ona daxil olan video görüntü, yarılmaya dair hesabat və polis sənədlərinə əsasən məlumat yayıb.
Hadisə 23 martda Roçesterdə baş verib. Lüt bir kişi küçə ilə qaçırdı. Həmin kişi 41 yaşlı Deniel Prud idi. Onun qardaşı və yaxınlıqdan keçən yük maşınının sürücüsü polisə zəng edərək şikayət edib.
Bundan bir müddət öncə isə, 41 yaşlı Deniel Prud psixikasındakı problemlərə görə xəstəxanaya yerləşdirilib.
KİV-də yayılan videoda polislərin əli qandallı kişinin başına xüsusi torba keçirdiyi görünür.
Polislərdən biri onun başını asfalta sıxıb, digər polis isə dizini onun belinə dayayıb. Videoda görünür ki, polis Denieldən sakitləşməyini tələb edir. Bir neçə dəqiqə sonra isə Deniel hərəkətsiz hala gəlib.
Məhkəmə tibbi ekspertizası ölüm faktını boğaraq qətlə yetirmə adlandırıb.
Video görüntülər mərhumun qohumlarına təqdim da edilib. Onlar tutulma prosesində iştirak edən polislərin işdən qovularaq onlara qarşı cinayət işinin açılmasını tələb ediblər. Prokurorluq və polis insident şəraitini araşdıracaqlar. Denieli tutan polislər işləməyə davam edirlər.
Video yayıldıqdan sonra çox sayda etirazçı Roçester şəhərindəki polis mərkəzinin qarşısında toplaşaraq qətlin baş verdiyi əraziyədək yürüş keçiriblər. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.






























