
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda seçkiqabağı kampaniya rəsmi şəkildə başladı.
Qeyd edək ki, seçki qanunvericiliyinə əsasən, seçkiqabağı kampaniya seçkilərdən 60 gün öncə başlayır.
“Gürcü arzusu — Demokratik Gürcüstan” partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, seçkilərin azad, ədalətli və sakit mühitdə keçməsi üçün hakim partiya hər şeyi edəcək.
“Digər siyasi partiyaları öz seçkiqabağı kampaniyalarını “Gürcü arzusu” kimi yüksək məsuliyyətlə keçirməyə və azad, ədalətli və sakit seçki mühitinin təminatına öz töhfəsini verməyə səsləyirəm”, – deyə o, brifinq zamanı bildirib.
Xatırladaq ki, Gürcüstan parlamenti və Acarıstan Ali şurasına seçkilər 31 oktyabrda keçiriləcək. Müvafiq sərəncamı Gürcüstan prezidenti Salome Zurabişvili imzalayıb. Bu dəfə parlament seçkiləri yeni qarışıq sistem əsasında keçiriləcək – 120 deputat proporsional, 30 deputat isə majoritar sistemlə seçiləcək.
İndiyədək artıq 59 qeyri-parlament partiyası seçkidə iştirak üçün qeydiyyatdan keçib.






























