Az.shafaqna.com xatırladır ki, böyük İslam mütəfəkkiri Ayətullah Musa Sədrin Liviyada oğurlanmasından 42 il keçir (31 avqust 1978).

O 1978-ci ildə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış imam Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxmışdı. Özünü “yer üzündə Allahın xəlifəsi” sayan Liviya prezidenti Müəmmər Qəzzafi bu gün imam Musa Sədrin oğurlanmasında əsas fiqur sayılır. Musa Sədrin oğurlanması İslam dünyasında, imanlı insanlar arasında böyük təlatüm yaratsa da, bu müəmma hələ də öz həllini tapmamışdır.

İmam Musa Sədr haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.

Şərafətli Sədr ailəsi şiələrin yeddinci imamı imam həzrət Musa Kazim nəslindən, ələvi seyidləri silsiləsindən sayılır. Bu pak nəsil uzun əsrlər Sədr və Şərəfüddin silsilələri ilə davam etmişdir. Bu nəsildən böyük elmi, siyasi, ictimai şəxsiyyətlər ərsəyə gəlmiş, onların hər biri İran, İraq və Livanda elm və cihad öncülü olmuşdur. Seyid Saleh, Seyid Şərəfüddin imam Musa Sədrin babalarındandır. Bu mücahid alim Hicri-qəməri tarixi 1112-ci ildə Livanın cənubunda Sur şəhərinin tabeçiliyində olan Şəhur kəndində dünyaya göz açmış və orada yaşamışdır. Osmanlı sərkərdə Əhməd Cərrar Cəbəl-Amildə şiə alimlərini qətliam edərkən Seyid Şərəfüddin onunla mübarizəyə qalxmışdır. Cərrarın adamları Seyid Şərəfüddinin Seyid Hibtullah adlı cavan oğlunu onun gözü qarşısında öldürdülər. Seyid Şərəfüddin özü həbs olunub uzun müddət Əkka şəhərində zindanda saxlanıldı. Zindandan çıxan alim İraqa hicrət etdi və Nəcəf şəhərində həmişəlik məskunlaşdı. O, Hicri-qəməri tarixi 1198-ci ildə dünyasını dəyişmişdir.

Seyid Salehin digər bir oğlu Ayətullah Seyid Sədrəddin Sədr (h.q. 1193-1262) öz dövrünün Nəcəf alimlərindən, müctəhidlərindən biri idi. O böyük müctəhid Şeyx Cəfər Kaşiful-Ğitanın qızı ilə evlənmişdi. Seyid Sədrəddin Nəcəfdən İsfahana hicrət etmiş, həmin şəhərdə məskunlaşmışdır. Bu böyük alimin İsfahanda beş oğlu dünyaya gəlmiş və onların hər biri dəyərli alim olmuşdur. Onların kiçiyi Ayətullah Seyid İsmail Sədr idi. O beş yaşında ikən atasını itirir. Seyid İsmaili qardaşı Seyid Məhəmməd, “Ağa Müctəhid” adı ilə tanınmış şəxs himayəyə götürür. O, Seyid İsmailə sərf-nəhv, məntiq və bəyan elmlərini öyrədir. Seyid İsmail on dörd yaşında olarkən qardaşını da itirir. Həmin vaxtdan onun tə’lim-tərbiyəsi ilə Şeyx Məhəmməd Baqir İsfahani adlı alim məşğul olur. Seyid İsmail vaxtı fövtə vermədən təhsilə məşğul olur, qısa bir müddətdə tanınmış din alimlərindən, təqvalı şəxslərdən biri kimi tanınır. O, Hicri-qəməri 1339-cu ildə Kazimeyndə dünyasını dəyişmişdir. Bu böyük müctəhidin dörd oğlu olmuşdur: Seyid Sədrəddin, Seyid Məhəmməd Mehdi, Seyid Heydər, Seyid Məhəmməd Cavad. Bu dörd övladın hər biri Nəcəf və Kazimeyn şəhərinin tanınmış elmi şəxsiyyətlərindən, təqlid mərcələrindən olmuşdur.[1]

Seyid Sədrəddin Sədr, yə’ni İmam Musa Sədrin atası Hicri-qəməri, 1298-ci ildə Kazimeyndə dünyaya gəlmişdir. O, elə həmin şəhərdə də müqəddimə elmləri atasından öyrənmişdir. Sonradan Kərbəlaya getmiş, Şeyx Həsən Kərbəlayinin hüzurunda elmin yüksək dərəcələrinə yiyələnmişdir. Sonra atasının tövsiyəsi ilə Nəcəfə hicrət etmiş, Axund Xorasani və Seyid Kazim Yəzdinin “xaric” dərslərində iştirak etmiş və nəhayət ictihad dərəcəsinə çatmışdır. Bu alim öz dövründə Nəcəfdə mütərəqqi hərəkatlara rəhbərlik etmişdir. Onun adı hələ də İraqın ədəbi hərəkatında hörmətlə yad olunur. Bu şəxs İrana hicrət edib Məşhəddə məskunlaşdıqdan sonra Ayətullah-üzma Hacı Ağa Hüseyni Qumminin qızı ilə evlənmişdir. Qum elmi hövzəsinin tə’sisçisi Şeyx Əbdül Kərim Hairi Yəzdinin də’vəti ilə o Qum şəhərinə hicrət etmiş, mərhum Hairi dünyasını dəyişdikdən sonra Ayətullah Xansari və Ayətullah Höccət ilə birlikdə Qum elmi hövzəsini idarə etmişdir.[2] Mərhum Ayətullah Bürucerdi Quma gəldiyi vaxt böyük alicənablığa malik Ayətullah Sədr xanım Məsumənin hərəmində öz pişnamaz yerini Ayətullah Bürucerdiyə vermişdir. Həmin vaxtdan sonra bir daha orada pişnamaz dayanmamışdır.[3] Ayətullah Seyid Sədrəddin Sədr Qum elmi hövzəsində fiqh, üsul dərslərini tədris etməklə yanaşı şagirdlər tərbiyə etmiş, elmi, mədəni və tibbi xidmətlər göstərmişdir. Bu şəxs məzhəblər arasında vəhdət üçün çalışan öncüllərdən olmuşdur. Bu məqsədlə “Əl-Mehdi” kitabını tərtib etmiş, bütün dəlilləri sünni kitablarından iqtibas etmişdir. Nəhayət, uzun illər fəaliyyətdən sonra Hicri-qəməri 1373-cü ildə dünyasını dəyişmiş, həzrət Məsumənin hərəmi civarında dəfn olunmuşdur.

İmam Musa Sədr ibtidai və orta təhsilini Qum şəhərinin “Həyat” ibtidai mədrəsəsi və “Sənam” məktəbində başa vurmuş, Hicri-qəməri1361-ci ildə Qum elmi hövzəsinə daxil olmuşdur. Orta və ali təhsili başa vurduqdan sonra fiqh və üsul üzrə xaric dərslərində iştirak etmiş, böyük ustadlardan bəhrələnmişdir. Həmin ustadlardan bə’zilərini xatırlayaq: Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai, Şeyx Əbdül Cəvad Cəbəl-Amili, Ayətullah Muhəqqiq Damad, Ayətullah Seyid Məhəmməd Təqi Xansari, Ayətullah Höccət Kuhkəməri, Ayətullah Seyid Sədrəddin Sədr (atası), Əllamə Təbatəbai, Ayətullah Seyid Kazim Şəriətmədari, Ayətullah Seyid Rza Sədr (qardaşı).

İmam Musa Sədr hövzədə təhsil almaqla yanaşı 1379-cu ildə Tehran universitetinə daxil olmuşdur. Ustad universiteti müvəffəqiyyətlə başa vurub iqtisadi-hüquq ixtisası üzrə diplom almışdır.

İmam Musa Sədr öz uca ruhundan və yüksək təlaşından faydalanaraq fars və ərəb dilləri ilə yanaşı ingilis və fransız dillərini öyrənmiş və bu istiqamətdə yüksək müvəffəqiyyət əldə etmişdir.

Tə’lim-tərbiyə

O öncə Qum elmi hövzəsində bir neçə tələbəyə “Şərhi-lümə” kitabını tədris etmişdir. Bu kitabın mürəkkəb mövzularını öz aydın bəyanı ilə tələbələrə çatdıran ustad Qum elmi hövzəsinin tanınmış müəllimləri cərgəsində yer tutmuşdur. O fiqh, üsul, məntiq, fəlsəfə dərslərini ən ali səthdə tədris etmişdir. “Mütəvvəl”, “Qəvanin”, “Vəsail”, “Məkasib” kitabları onun tədris etdiyi kitablardandır. İmam Musa Sədrin tanınmış şagirdləri olmuşdur. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani, Ayətullah Şeyx Yusif Saneyi, Ayətullah Şeyx Məhəmməd Rza Təvəssüli, Ayətullah Şeyx Əli Əsğər Müslimi Kaşani, höccətül-İslam Məhəmməd Cavad Höccəti Kirmani, höccətül-İslam Məhəmməd Hüseyn Behcəti, Ayətullah Zeynəl-Abidin Qurbani, höccətül-İslam Seyid Məhəmməd Ğərəvi, höccətül-İslam Seyid İsa Təbatəbai ustadın tanınmış şagirdlərindəndir.

Nəcəfə hicrət

Atasının vəfatından sonra imam Musa Sədr öz fiqhi-üsuli biliklərini dərinləşdirmək, Nəcəf elmi hövzəsinin böyük fəqihlərinin elmi və əxlaqi bərəkətindən faydalanmaq üçün oraya hicrət edir. Hicri-qəməri1377-ci ilədək, təqribən dörd il müddətində Ayətullah Seyid Möhsün Həkim, Ayətullah Seyid Əbdülhadi Şirazi, Ayətullah ağa Şeyx Hüseyn Hilli, Ayətullah ağa Şeyx Sədra Badikubi, Ayətullah Seyid Mahmud Şahrudi, Ayətullah Seyid Əbülqasim Xoyi kimi dünya şöhrətli alimlərdən faydalanır. O bərəkətli fiqh bəhslərində iştirak etməklə yanaşı öz əmisi oğlu şəhid Seyid Məhəmməd Baqir Sədr və Ayətullah Seyid Məhəmməd Əli Müvəhhid Əbtəhi ilə üsul və fəlsəfə sahəsində araşdırmalara məşğul olur. Bütün bunlarla yanaşı “Rəsail”, “Məkasib”, “Şərhi-mənzumeyi-səbzivari” kitablarının tədrisinə məşğul olub.[7] İmam Musa Sədr Qum elmi hövzəsində olduğu kimi, Nəcəf elmi hövzəsində də həmkarları arasında öz elmi üstünlüyünü qoruyub saxlayır, heyrətamiz istedadı ilə hamının diqqətini cəlb edir. Nəcəf elmi hövzəsinin böyük alimləri və müctehidləri imam Musa Sədrin hərtərəfli şəxsiyyətinə xüsusi hörmətlə yanaşmış, ümidlə baxmışlar. Mərhum Ayətullah Xoyi dərsin gedişatında kimsəyə irad icazəsi vermirdi. Amma böyük ustad imam Musa Sədrin iradlarını diqqətlə dinləyirdi. [8] O deyirdi: “Mən Musa Sədrə o qədər ümid edirəm ki, onun daha üç il Nəcəfdə qalacağı təqdirdə şiə elmində böyük şəxsiyyətlərdən olacağını düşünürəm.”[9] Ayətullah Xoyi imam Musa Sədrin Livana hicrət xəbərini eşidəndə çox təəssüf etmiş və demişdi: “Ey kaş onu tanımamış olaydım.”

İmam Musa Sədr Nəcəfə hicrət etməzdən öncə Qum elmi hövzəsində yüksək ictihad dərəcəsinə çatmışdı. O müctəhid üçün zəruri olan ixlas, zöhd və təqva ilə yanaşı fövqəladə yaddaş, fərasət, agahlıq kimi səciyyələrə malik idi. Bu xüsusiyyətlər onu öz dövründə nadir insanlardan etmişdi. Bu barədə Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai belə söyləyir: “Musa Sədr Nəcəfin bariz elmi şəxsiyyətlərindən idi. O əvvəla, gənc idi, ikincisi onun Livan kimi dərdi vardı. Əgər cənab Musa Livana getməyib daha bir neçə il Nəcəfdə qalsaydı Nəcəfin tanınmış müctəhidlərindən olardı. O Nəcəf elmi hövzəsində o qədər diqqəti özünə çəkmişdi ki, haqqında belə danışılırdı: “Qum alimləri Nəcəf alimlərindən üstündürlər.” Ustad bu günün bir çox müctehidlərindən daha güclü idi. Mən bu günkü ictihad mənasını nəzərdə tutmuram. O, şübhəsiz, müctəhid idi. “Müctəhid” sözünü lap qədim mənasında ona aid etmək olardı. Cənab Musa çox fəzilətli bir insan idi. Heyf ki, ondan lazımınca bəhrə götürülmədi. Zənnimcə cənab Musa böyük qardaşı mərhum hacı ağa Rzadan da yuxarı qalxmışdı. Əgər qalsaydı, şübhəsiz önə keçərdi. Cənab Musa Qumda qalıb Nəcəfə gəlməsəydi belə, hazırda böyük şiə mərcələrindən olardı…”

Milli mədrəsələr hərəkatı

Müstəbid şah rejimi zamanı üzdəniraq qərb mədəniyyəti müxtəlif yollarla müsəlman İran gəncləri arasında yayılırdı. Belə bir təbliğat üçün mədəniyyət mərkəzləri, təhsil müəssisələri münasib hədəf olmuşdu. Bəzi ziyalınüma müəllimlər qərbin təsiri altında dinsizliyi təbliğ edib düşmən dəyirmanına su tökür, millətin övladlarını azğınlığa sürükləyirdi. Bu səbəbdən də mö’min və etiqadlı ailələr övladlarını dövlət məktəblərindən çıxarırdı. Ölkənin gələcəyi üçün belə bir münasibət çox təhlükəli idi. Belə bir vəziyyət savadlı və mö’min gənc nəslin tərbiyəsinə imkan vermirdi. Dövlət aparatındakı ən mühüm kürsülərdə ən azı millətin talehinə biganə adamlar oturmuşdu. Məhz bu məqamda özünü məs’ul sayan imam Musa Sədr şəhid doktor Behişti kimi dostlarla həmkarlıq edib düşmən qarşısında cəbhə açdı. O, dövlət məktəbləri müqabilində milli məktəblər açmaqla Qum gənclərinin İslami tərbiyəsinə başladı. Ustad “Sədr məktəbi” adı ilə öz müdiriyyəti altında təhsil ocağı təsis etməklə Hicri-qəməri1377-ci təhsil ilində Qumda milli mədrəsə hərəkatını gücləndirdi. Bu məktəb öncə İrəm küçəsində fəaliyyətə başladı. Sonra Səfaiyyə xiyabanının başlanğıcındakı dörd yol ayrıcında yerləşən binaya köçdü. Bu bina mərhum Kamkarın sərmayəsi ilə tikilmişdi. İmam Musa Sədr Livana hicrət etdikdən sonra məktəb Əhməd Övhədinin müdiriyyəti altında öz işini davam etdirdi.

Livana səfər

İmam Musa Sədr Hicri-qəməri 1379-cu il cəmadiul-əvvəl ayında Livanın tanınmış alimlərinin də’vəti ilə bir aylıq Livana yola düşdü. Amma orada mövcud vəziyyəti müşahidə edib, şiələrin və müsəlmanların acınacaqlı vəziyyətindən xəbər tutub məsuliyyət hiss etdi və alimlərin dəvətinə müsbət cavab verərək Livanda qaldı. İmam Musa Sədrin Livandakı fəaliyyətlərinə nəzər salmazdan öncə Livanın həmin vaxtkı coğrafi, siyasi, iqtisadi, ideoloji, məzhəbi vəziyyətini nəzərdən keçirək.

İmam Musa Sədrin Livandakı fəaliyyətlərini dörd prinsip üzərində təsvir etmək olar:

a) Mədəniyyət-din: İmam Musa Sədr Livana daxil olduğu andan əsaslı və dəqiq bir proqramla hərəkət etməyə başladı. O ardıcıl şəkildə məscidlərdə, məktəblərdə, universitetlərdə, sair ictimai mərkəzlərdə nitq söyləyir, faydalı siniflər təşkil edərək gənc nəsli mə’lumatlandırmağa çalışırdı. Qısa bir müddətdə bir çox müsəlman və məsihi gənclər imam Musa Sədrin qurtuluş müjdəli düşüncəsinin təsiri altına düşdü. Beləcə, mədrəsələr, məktəblər, universitetlər qərb mədəniyyətinə qarşı polad səngərlərə çevrildi.

b) İqtisadiyyat-mədəniyyət: İmam Musa Sədr mədəni işlərlə yanaşı xalqın iqtisadi problemlərinə də diqqət yetirirdi. Əslində bu iki yönümü bir-birindən ayrılmaz sayır və deyirdi: “Ümumi şəkildə Livan xalqının yaşayış səviyyəsini yaxşılaşdırmaq, xüsusi ilə müsəlmanların elmi səviyyəsini yüksəltmək mənim dini vəzifəmdir. Mən əminəm ki, hazırkı maddi durumla düşüncə səviyyəsini qaldırmaq olmaz…”[16] Bu səbəbdən də o əsaslı bir addım ataraq təhsil, tərbiyə və iqtisad mərkəzlərini hərəkətə gətirməyə başladı. Aşağıdakı işlər nəzərdə tutulurdu:

1. Cəbəli-amilin peşə məktəbi gənc oğlanlara xarratlıq, dülgərlik və qaynaqçılığı öyrətsin;

2. Mərhum Şərəfüddinin yoxsullara yardım cəmiyyətinin fəallaşdırılması, həqiqi ehtiyaclıların müəyyənləşdirilməsi, onlar üçün təlim-tərbiyə işləri;

3. Yoxsul və himayəsiz qalmış qızlara dərzilik, toxuculuq, əl işləri öyrətmək üçün qızlar evinin təsisi;

4. Tibb bacıları hazırlayan müəssisələr və qızlar üçün münasib iş yerlərinin açılması;

5. Xalçaçılıq sənətini öyrədən müəssisələr, ehtiyaclılar üçün bu sahədə iş yerlərinin açılması;

6. Yoxsul sinfin sağlamlığına xidmət üçün tibbi mərkəzlərin açılması;

7. İslamın düzgün təbliği üçün elmi hövzələrin təsisi;

8. Qadınların problemlərinin həlli üçün qadın təşkilatlarının təsisi;

9. Kimsəsiz uşaqların himayəyə alınması üçün yetimxanaların təsisi;

10. Savadsızlıqla mübarizə müəssisələrinin təsisi;

11. Əlillər evinin təşkili;

12. İdman mərkəzlərinin açılması, gənclərin ruhi, psixoloji, hərbi hazırlığının təşkili.

Nəzərdə tutulan mərkəzlərin açılışı istiqamətində fəaliyyətlər həmin dövrdə Livan müsəlmanlarının iqtisadi dirçəlişində mühüm rol oynadı. İqtisadi inkişaf gücləndi, insanların nikbinliyi artdı. İmam Musa Sədrin proqramları və fəaliyyətləri bu gün də Livan dövləti üçün nümunədir. Ölkənin iqtisadi dirçəlişi üçün uyğun iqtisadi proqramlardan istifadə edilir.

c) Siyasət-təşkilatçılıq: İmam Musa Sədr öz fəaliyyətlərinin üçüncü mərhələsində daha əsaslı bir proqram üzrə “Livan şiələrinin ali məclisi” adı altında məclis təsis etdi. Bu tarixi addımın səbəbi Musa Sədrin özünün şiə olması deyildi. Sadəcə, ölkədə şiələrin vəziyyəti sünni və məsihilərin vəziyyətindən daha acınacaqlı idi.

Həmin dövrdə mövcud on beş firqə azlıqda olsa da, onların hər birinin rəsmi qurumu və rəhbərliyi vardı. Bu qurum və rəhbərlik öz üzvlərinin haqlarını müdafiə edirdi. Şiələrinsə heç bir təşkilatı yox idi. İmam Musa Sədr Hicri-qəməri1386-cı il Rəbiüs-sani ayının 27-də Beyrutda keçirdiyi böyük mətbuat konfransında şiələrin problemlərini mütəxəssiscəsinə, rəqəmlər əsasında açıqladı. Sonra bu problemlərin həlli üçün Livanda rəsmi şiə məclisinə ehtiyac olduğunu bildirdi. Müxtəlif fərdlərin və qrupların ciddi müxalifətinə baxmayaraq, nəhayət, imam Musa Sədrin təklifi məclisdəki şiə nümayəndələr tərəfindən rəsmi layihə şəklində təqdim olundu. Layihə müzakirə olunaraq h.q. 1387-ci ilin Səfər ayında təsdiq edildi. Uyğun proqram əsasında şiələrə ilk dəfə icazə verildi ki, öz haqlarının müdafiəsi üçün şiə məclisi təşkil etsinlər. Belə ki, ali şiə məclisi h.q. 1389-cu ilin yayında böyük şiə alimlərindən doqquz nəfərlik şər’i hey’ət, on iki nəfərlik icra heyəti seçməklə rəsmi işə başladı. Həmin il ciddi bir yığıncaqda şər’i və icraçı hey’ət üzvlərinin əksəriyyətinin rəyi ilə imam Musa Sədr ali məclisin rəisi seçildi. Rəyasət üçün altı il vaxt nəzərdə tutuldu. H.q. 1399-cu ilin səfər ayında bu müddət dəyişdirildi və imam Musa Sədr altımış beş yaşınadək uyğun məsuliyyəti öhdəsinə götürdü. O, dörd il ardıcıl şəkildə fəal çalışdı və sübut etdi ki, bu məclis prezidentdən, baş nazirdən, məclisdən daha çox fəal olmuşdur. O, şiələrə məxsus olsa da, Livanın bütün məhrumlarına və ehtiyaclılarına kömək üçün ciddi təlaşlar göstərmişdir.

İbadət və bəndəlik

Bu mövzu şiə cəmiyyətində rəhbərlik və imamətin mühüm şərt və əsaslarından sayılır. İbadət və bəndəlik imam Musa Sədrin vücudunda yüksək səviyyədə təcəlla edirdi. Bu səciyyə onu kamil insanların zümrəsinə daxil etmişdi. İmam Musa Sədrlə birgə dərs oxumuş Qum və Nəcəf mədrəsəsinin seçilmiş şəxsiyyətlərindən biri bu barədə belə deyirdi: “…O, ruhaniyyət böyüklərinin uca zümrəsinə daxil olmuşdu. Əxlaqi səciyyələr baxımından indiyədək oxşarını görməmişəm. Kamil bir ruhani üçün lazım olan hər bir şeyi onda müşahidə etdim. Xüsusi ilə axır zamanlar ibadət etməkdə misilsiz olmuşdu. O həm öz dövrünün ziyalı şəxsiyyəti, həm də yüksək ibadət ruhuna malik bir fərd idi.
Həzrət Əlinin (ə) hərəmini ziyarət edib, əməlləri yerinə yetirərkən onun aşiq olması açıq-aşkar görünürdü. Nəcəfdən Kərbəlaya piyada ziyarət səfərimizdə o aşiqanə halda idi. Dua və Aşura ziyarəti oxunarkən ən yüksək ruhiyyə onda olurdu. Ağlamaqdan gözləri qızarırdı. Əhli-beyt (ə) müsibətlərini yada salarkən üzgün halda fəsih ərəb və fars şe’rləri oxuyurdu…”

Xalqa sevgi

O, küçə və bazar camaatını çox sevirdi. İş və problemlərinin çox olmasına baxmayaraq, daim xalqla görüşmək üçün müəyyən vaxt təyin edirdi. Xalqın yanında yaşayır, onlarla görüşür və rahatlaşırdı; xalqa olan sevgisi nurlu gözlərindən sezilirdi. O deyirdi: “…mənim yerim sizin aranızdadır; mənim qərərgahım qəlblərinizdir; gücüm əllərinizdədir; mənim mühafizəçim gözlərinizdir; mənim proqramlarım sizin vasitənizlə icra olunacaq. Bu dünyada heç kəsi və heç nəyi sizdən üstün tutmayacam…”
Məzhəbi münasibətlər və əzəmətli dini bayramlarda Livanın əksər dini-siyasi şəxsiyyətləri iştirak edirdilər. Lakin imam Musa Sədr belə günlərdə kasıb təbəqə və xüsusi ilə cənub bölgəsinin təcavüzə məruz qalmış məntəqəsindəki yetim uşaqlarla olmağı üstün tuturdu. O belə günlərdə xalqla görüşmək üçün xüsusi vaxt ayırırdı. Düşmən atəşi altında olan sərhəd kəndlərini bir-bir gəzirdi. Bütün bunlara görə xalq ona aşiq olmuşdu. Sürücüsü Əbu Əli Hicazi belə deyir: “…Mən və mühafizəçi mərhum Əbu Əli Yunis bütün bu mərhələlərdə onu müşayiət edirdik. İmam bu cür görüşlərdə xalqın evlərinə daxil olur və bir müddət onların yanında otururdu. Kənd əhalisindən dünyasını dəyişən olduqda onun yas məclisində iştirak edirdi… Bir çox hallarda günorta və ya şam yeməyini həmin kəndlərdə kasıb və əkinçi xalqın süfrəsində yeyirdi. Onun yemək zamanı əkinçi və zəhmətkeş kənd əhalisinin süfrəsindən başqa bir süfrədə oturması mümkün deyildi. Çox rahat soruşurdu: “Anacan bu gün günorta üçün nə hazırlamısan?” O heç zaman çeşidli yeməklərin hazırlanmasına icazə verməzdi. Həmişə sadə kəndli yeməkləri yeməyə israr edirdi. Əgər ev sahibi xüsusi yemək hazırlamağa çalışsaydı, imam deyirdi: “Anacan, əgər məni istəyirsinizsə və Allahın əzabına düçar olmağıma razı deyilsinizsə, icazə verin həmin sadə yeməklərinizdən istifadə edim…”

Şəhid yadigarlarının hüzurunda

O, şəhid ailələri ilə görüşmək üçün xüsusi vaxt ayırmışdı. Daim onların könlünü alır, fədakarlıq və sabitqədəmliklərindən enerji alırdı. İmam Musa Sədr bir dəfə tənha qalmış altımış yaşlı qadınla görüşməli idi. Onun ailəsinin bütün üzvləri bombardmanlarda və müxtəlif hadisələrdə şəhid olmuşdu. Bir müddət öncə sonuncu övladını itirən bu qarı imam Musa Sədri çox həvəslə qarşıladı. İmam Musa sədr otağın bir küncündə oturmuşdu. Qarı onun qarşısında oturub heç nə danışmırdı. Amma birdən titrək səslə danışmağa başladı: “Ey imam, sən nə üçün qadınlara tə’lim ordusu yaratmamısan. Əgər belə bir ordu olsaydı, mən orada döyüş qanunlarını öyrənib, şəhadət iftixarına nail olardım.”
Başqa bir görüş iki övladını itirmiş ailə ilə oldu. Ailənin atası imam Musanı görərkən belə dedi: “Ey imam! Narahat olma. Mənim başqa üç oğlum da var. Yoldaşım və özümlə birlikdə beş nəfərik. Biz hamımız şəhadətə hazırıq.”

Vəhdət ruhu

 

İmam Musa Sədrin çoxdankı məqsəd və arzularından biri də bütün dünyada İslam ümmətinin bir olması idi. O gəncliyinin ilk çağlarından (Qum elmi hövzəsində təhsil alarkən) bu mühüm iş haqda düşünürdü. İmam Musa Sədr hövzədə keçirilən toplantılarda və ustadların qarşısında bu məsələni önə çəkirdi. 1947-ci ildə onun hələ iyirmi yaşı olmamışdı. Bu vaxtlar Əllamə Əmininin Nəcəfdən Tehrana gəlib bir neçə gün orada qalacağı haqda məlumat alır. İmam Musa Sədr fürsəti qənimət hesab edir və yaxın dostlarının biri ilə Tehrana, Əllamə Əmininin görüşünə tələsir. İmam Musa Sədr ustadın qarşısında müxtəlif elmi məsələləri bəyan etməklə yanaşı, düşmənə qarşı sünni ilə şiə arasında vəhdətin zəruriliyi haqda söz açırdı. O, ustadın qarşısında bu mövzuda danışır və öz əsaslarından müdafiə edirdi.[52] Sanki Allah-təala bu məsələni onun fitrətində İslam ümməti üçün əmanət qoymuşdu.

Beləliklə, imam Musa Sədr 1959-cu ildə Livana daxil olarkən ilk fürsətdə Sur şəhərində sünni alimləri ilə dostluq əlaqələri qurmağa başladı. O, sünnilərin müftisi Məhyəddin Həsənlə möhkəm əlaqələr saxlamağa başladı. Bu əlaqə o qədər yaxın və səmimi oldu ki, Qədir-xum bayramı, ramazan ayının gecələri, aşura və tasua günləri kimi mərasimlərdə onlar bir yerdə olurdular. Onlar “Qədim” məscidi və ya imam Sadiq (ə) mərkəzi kimi müştərək məkanlarda xütbələr oxuyurdular. Şiə və sünnilərdən ibarət xalq toplusu onların çıxışlarına qulaq asırdılar. Əgər onları tanımayan bir şəxs məclisə daxil olsaydı hansının şiə, hansının sünni olduğunu təyin edə bilməzdi.

İmam Musa Sədr deyirdi: Şiə ilə sünni arasında ixtilaf və ziddiyyət yoxdur. Bunlar vahid bir dindən olan iki məzhəbin ardıcıllarıdır. O bu düşüncəsi ilə Livandakı birləşdirici fəaliyyətlərini genişləndirdi. 1965-ci ilin yayında şimali Afrika ölkələrinə iki aylıq səfəri zamanı yeni və tarixi bir addım atmaqla Misir, Mərakeş və Əlcəzairin İslami mərkəzləri ilə Livan şiə mərkəzləri və elmi hövzələri arasında möhkəm və işlək əlaqələr yarada bildi.

Məsihi alimlərlə əlaqə

İmam Musa Sədr İslam məzhəbləri arasında vəhdətdən əlavə, ilahi dinlər arasında bir növ birliyin olması fikrində idi. Buna görə də Livana daxil olarkən siyasi və məzhəbi məsihi qrupları ilə əlaqələr saxlamağa və danışıqlar aparmağa səy göstərdi. O bu məqsədyönlü işini günbəgün genişləndirməkdə idi. Qısa bir müddətdə bütün məsihi alim və şəxsiyyətlərlə tanış oldu, onların bir çoxu ilə, xüsusi ilə də Yepiskop Yusif əl-Xuri (Mitran Maruni) ilə rəsmi şəkildə dostluq rabitəsi qurdu. [58]

O qurduğu əlaqələrlə kifayətlənmir və daim məsihi zümrələri ilə münasibətini genişləndirirdi. Bəzi seçilmiş məsihiləri ictimai fəaliyyətlərində və xeyir işlərində özünə həmkar etdi. 1959-cu ilin yayında məsihilərin tanınmış şəxsiyyətlərindən biri Rəflə Mənsəd özünün buz istehsal edən e’malatxanasının qazancının üçdə birini xeyriyyəçi müəssisələrdən birinə vəqf etdi. Bu xeyriyyə cəmiyyəti Livanın cənubundakı imkansızlara kömək məqsədi ilə imam Musa Sədr tərəfindən idarə olunurdu. İki məsihi həkim həmin müəssisənin rəsmi üzvü oldular. Onlar müraciət edən xəstələri pulsuz müalicə edirdilər.