Emergency Management Service

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ötən gün Borjomi-Xaraqauli Milli Parkı ərazisində başlamış yanğın söndürülüb

Bu barədə Gürcüstan Fövqəladə Vəziyyət İdarəsi Xidməti məlumat yayıb.

Bildirilib ki, 4 hektar ərazidə meşənin aşağı qatı yanıb.

Hadisə Atskuri kəndi yaxınlığında Amarati dağının yamacında baş verib.

Ərazinin mürəkkəb relyefə sahib olmasına baxmayaraq, yanğınsöndürənlər texnika və canlı qüvvəni yanğın episentrinin yaxınlığında səfərbər edə biliblər. Yanğınsöndürənlərə xilasedicilər, meşə gözətçiləri və kənd sakinləri də kömək ediblər.

Yanğın ocağını kriminal polisinin əməkdaşları da tədqiq ediblər.

Gürcüstan DİN “Yandırma yolu ilə obyektə zərər vurma və ya onu məhv etmə” maddəsi ilə istintaqa başlayıb.

Qeyd edək ki, adıçəkilən milli park Avropanın ən böyük milli parklarından biridir. Qoruğun ərazisi 5,3 min kvadrat kilometrdir və o, bütün Gürcüstan ərazisinin 7,6%-ni əhatə edir.

Orada adları Qırmızı kitaba salınmış heyvanlar və quşlar yaşayır.