
Az.shafaqna.com “Travel and Leisure”-yə istinadən xəbər verir ki, ABŞ-ın Kentukki ştatının sakini Con Penninqton Kanadada karantin qaydalarını 2 dəfə pozduğu üçün təxminən 500 min dollar cərimə ödəyə bilər.
Belə ki, Con iyun ayında Alyaskadan ABŞ-ın kontinental hissəsinə səfər edib. Səfər zamanı o, pandemiya ilə əlaqədar ABŞ vətəndaşları üçün qapadılan Banf milli parkındakı mehmanxalardan birində 2 dəfə otaq götürüb. Otel işçiləri onun barəsində məlumatları hökumətə təqdim ediblər.
Yerli polislər ABŞ-lını mehmanxanada taparaq onu 900 dollar cərimələyiblər. Bununla belə, ona bir gecə oteldə qalmağa icazə veriblər və otel ərazisini tərk etməyi qadağan ediblər. Con səhər Kanadanı tərk etməli idi. Lakin onu Banf milli parkında görüblər.
ABŞ-lı turist həbs edilib. İndi onu məhkəmə gözləyir. Penninqtonu ya təqribən yarımmilyon dollarlıq cərimə, ya da yarımillik həbs cəzası gözləyir.
Xatırladaq ki, Kanada hələ 21 martda ölkənin cənub sərhədini qapadıb. Alyaskadan Kanada vasitəsi ilə ABŞ-a gedən turistlər ən qısa marşrutları seçməlidir. Onlara həmçinin mehmanxanalarda qalmaq və milli parklara getmək qadağan edilib.






























