
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya hökumətin iclasında bildirib ki, Avropada təhsil alan tələbələr üçün Budapeşt istiqamətində aviareys təyin ediləcək.
Onun sözlərinə görə, aviabiletin qiyməti 199 avrodan çox olmayacaq.
“Təhsil ili təkcə Gürcüstanda yox, ölkə xaricində də başlayacaq. Bir çox bizim vətəndaş fərqli proqramlar və öz bacarıqları üzrə xaricdə təhsil alır. Biz artıq Almaniya istiqamətində 2 reys həyata keçirdik. Bu, 25 iyul və 11 avqustda baş tutdu, lakin tələbat qalmaqdadır və gənclər agentliyinin müvafiq nazirliklərlə effektiv işinin nəticəsində yeni istiqamət təyin edilib – Budapeşt. Reys yaxın vaxtda həyata keçiriləcək”, – deyə o qeyd edib.
Qaxariya əlavə edib ki, tələbələr təhsil ilinin əvvəlinə çatmaq üçün sözügedən xüsusi reyslə güzəştli qiymətlərlə Avropaya gedə biləcəklər.
“Lazım olduqca biz bu proqramı da davam etdirəcəyik”, – deyə hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, koronavirus pandemiyasına görə bir çox gürcüstanlı tələbələr, digər Gürcüstan vətəndaşları kimi, hökumətin köməyi ilə vətənlərinə geri dönərək təhsillərini öz ölkələrindən distant rejimdə davam etdirə biliblər. Onların bir hissəsi artıq xüsusi reyslərlə təhsil aldıqları ölkələrə qayıda bilib, digər bir hissəsi isə öz növbəsini gözləyir.






























