
Az.shafaqna.com REN-ə istinadən xəbər verir ki, rusiyalı alimlər unikal vaksin üzərində işləyirlər.
Rusiya Milli Tibbi Araşdırma Mərkəzinin (RMTAM) baş direktoru Yevgeni Şlyaxto bildirib ki, həmin vaksin eyni anda həm qripdən, həm də koronavirusdan qoruya biləcək.
“Bu, kombinasiya edilmiş vaksin olacaq. Onun tərkibində həm qripə qarşı, həm də koronavirus infeksiyasına qarşı immuniteti yaratmağa imkan verən komponentlər olacaq”, – deyə Şlyaxto qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda bir neçə qrup alim bu işdə iştirak edir. Vaksin hələ ilkin hazırlanma mərhələsindədir, o, hələ heyvanlar üzərində sınaqlardan və digər kliniki araşdırmalardan keçirilməlidir.
Xatırladaq ki, Rusiya dünyada ilk olaraq COVID-19 əleyhinə vaksin istehsal edən ölkə oldu. Dərmana “Sputnik V” adı verilib.





























