
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Aralıq, Egey və Qara dənizlərdəki öz maraqlarını bütün mümkün yollarla, o cümlədən hərbi yolla da qorumağa hazırdır.
Onun sözlərinə görə, Türkiyə bu regionda ona çatmalı olan şeyləri əldə edəcək.
“Biz həmkarlarımızı onları tələf edəcək yanlış addımlardan uzaqlaşmağa dəvət edirik. Türkiyə səbir, imkanlar və qətiyyəti sonsuz şəkildə sınanacaq ölkə deyil”, – deyə Ərdoğan qeyd edib.
O deyib ki, Türkiyə dövlətinə qarşı çıxanlar yüksək qiymət ödəyəcəklər.
Xatırladaq ki, Türkiyə prezidenti daha öncə bəyan etmişdi ki, buruq gəmisi Qara dənizdə böyük qaz yatağı aşkar edib.
Sözügedən yatağın ehtiyatları 320 milyard kubmetr olaraq dəyərləndirilir. Ərdoğan bu tapıntını “tarixi miqyaslı kəşf” adlandırıb və əlavə edib ki, vətəndaşlara qaz tədarükü 2023-cü il üçün başlayacaq.






























