Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 18 yaşadək uşaqlar üçün maddi yardımın alınması üçün nəzərdə tutulmuş xüsusi portalda artıq 742 min uşaq və 442 min valideyn qeydiyyatdan keçib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, uşaqlara maliyyə yardımının edilməsi qərarı Gürcüstanın Baş naziri Giorqi Qaxariya tərəfindən koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran şəraitində əhalini maddi dəstəkləmək üçün qəbul edilib. Hər bir uşaq üçün nəzərdə tutulmuş 200 lari (65 dollar) məbləğindəki pul yardımını valideynlər və ya onların qanuni təmsilçiləri ala biləcəklər.

Banka borcu olan ailələr üçün isə həmin məbləğ kəsintisiz təqdim ediləcək. Müvafiq razılıq Qaxariyanın kommersiya banklarının rəhbərləri ilə keçirdiyi görüşdə əldə edilib. Bu məsələ ilə bağlı banklar artıq müvafiq əməliyyat səviyyəsində işə başlayıb.

Görüşdə maliyyə naziri İvane Maçavariani, baş nazirin iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili, həmçinin bir neçə bankın baş direktorları da iştirak edib.

Uşaqlar üçün müavinətin əldə edilməsi ilə bağlı qeydiyyat 15 avqustda başlayıb və dekabr ayınadək davam edəcək. Məbləğin verilməsi isə 1 sentyabrdan başlayacaq.

Bu yardımı əldə etmək üçün cari ilin 1 dekabr tarixinədək “daxmareba.moh.gov.ge” elektron portalında qeydiyyatdan keçmək lazımdır.

Əgər fiziki şəxs elektron portalda qeydiyyatdan keçə bilməsə, o, Sosial Xidmət Agentliyi, regional inkişaf nazirliyi şöbələrinə və infrastrukturlara və ya yerli özünüidarəetməyə müraciət etməlidir. Həmçinin Ədliyyə Evləri, ictimai mərkəzlər və “Liberty Bank”-ın filiallarına da müraciət etmək olar.

Qeydiyyatla bağlı müvafiq təlimatlar həmçinin Səhiyyə Nazirliyinin saytında da əlçatandır: moh.gov.ge.

Həmçinin oxu: