
Az.shafaqna.com “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi ABŞ prezidenti Donald Trampı və Respublikaçılar partiyasının konqresdəki nümayəndələrini ölkənin “daxili düşmənləri” adlandırıb.
Məlum bəyanat respublikaçıların poçtla səsvermənin ünvanına səsləndirdikləri tənqidin fonunda edilib. Qeyd edək ki, demokratlar qarşıdan gələn prezident seçkilərində poçtla səsverməni tətbiq etmək istəyirlər.
“Biz and içirik ki, Konstitusiyanı bütün düşmənlərdən, xarici və daxili düşmənlərdən qoruyacağıq. Təəssüf ki, bizim səsvermə sistemimizin və Konstitusiyamızın daxili düşmənləri ABŞ konqresindəki müttəfiqləri ilə birlikdə hazırda düz Pensilvaniya-avenyu 1600-dadırlar (Ağ Evin ünvanı – red.)”, – deyə Pelosi bildirib.
Xatırladaq ki, 3 noyabrda ABŞ-da 59-cu prezident seçkiləri keçiriləcək. Seçkidə demokratları sabit vitse-prezident Cozef Bayden, respublikaçıları isə hazırkı prezident Donald Tramp təmsil edəcək.






























