
Az.shafaqna.com “ABC Color”-a istinadən xəbər verir ki, Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo və onun qardaşı Roberto de Assis ev həbsindən azad edilib.
Bu qərarı paraqvaylı hakim Qustavo Amarilya qəbul edib.
Məhkəmənin qərarına əsasən, Ronaldinyo və onun qardaşı Braziliyaya qayıda biləcəklər. Bununla belə, de Assis şərti olaraq 2 il azadlıqdan məhrum edilib, həmçinin hər iki qardaş ümumi 200 min dollar məbləğində cərimə də ödəməlidirlər.
Xatırladaq ki, Ronaldinyo və onun qardaşı saxta sənəddən istifadə ittihamı ilə 4 martda Paraqvayda tutulublar.






























