
Az.shafaqna.com “The New Zealand Herald”-a istinadən xəbər verir ki, 2019-cu il 15 martda Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərə silahlı hücum edən avstraliyalı Brenton Harrison Tarrant bu gün məhkəmə qarşısına çıxarılıb.
Terror aktı, qətllər və qətl cəhdlərində ittiham edilən Tarrantın məhkəmə dinləmələri bu gün yerli vaxtla 10:00-da Kraysçörç Ali Məhkəməsində başlayıb.
29 yaşlı terrorçu Oklend həbsxanasından məhkəməyə gətirilib. Cani 13 iyulda vəkildən imtina edib.
Xatırladaq ki, daha öncə o, bütün cinayətlərini tam etiraf edib.
Koronavirus xəstəliyinin yayılması fonunda məhkəmə iclası bir neçə dəfə təxirə salınıb. Lakin avqustda xəstəliyin yeni dalğasının başlamasına baxmayaraq, məhkəməni daha təxirə salmamaq qərarı qəbul edilib. Məhkəmə dinləmələrində terror aktı zamanı xəsarət almış şəxslər və qətlə yetirilənlərin qohumları çıxış edəcək.
Ötən gün Kraystçörç məhkəməsi binasının mühafizəsi gücləndirilib. Məhkəmə aparan yollar hərbi polis tərəfindən qapadılıb, əraziyə girişə isə sərt yoxlamadan sonra icazə verilir.






























