president.az

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən bildirib.

Azərbaycan Prezidenti çıxışı zamanı deyib: “Bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.”

“Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünki vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingəçevir” İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bilmişik.

Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə əldə edilmiş bütün uğurları əhatə edək və bu, doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində – elektroenergetika sahəsində.”, -deyə Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

Çıxışın tam mətni