Foto: dqdk.gov.az

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend Agentliyinə müsahibəsində deyib.

O bildirib ki, koronavirusla bağlı izolyasiya tədbirləri yalnız Azərbaycanda tətbiq olunmur. Dünyanın əksər yerlərində, o cümlədən müsəlman dövlətlərində də COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ibadət evlərinin fəaliyyəti dayandırılıb və ya kütləvi dini mərasimlərin keçirilməsi qadağan edilib. Bizimlə qonşu ölkələrdə, Türkiyə, İran, Gürcüstan və Rusiyada da sərt izolyasiya tədbirləri həyata keçirilib və müxtəlif formalarda hələ davam etməkdədir. İranda mart ayından, Türkiyədə isə aprel ayından etibarən məscidlər və digər ibadət evlərinin fəaliyyəti dayandırıldı.

“May və iyun aylarında bu ölkələrdə “COVİD-19” xəstəliyinə yoluxma hallarının sayının azalması ilə mərhələli şəkildə və müəyyən qaydalara riayət etmək şərtilə məscidlərin fəaliyyətə başlamasına icazə verildi. Lakin həmin ölkələrdə hazırda virusa yoluxanların sayında artım müşahidə olunur ki, bu da mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır və yenidən sərt izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə bağlı müzakirələrə başlanılıb. Digər bir müsəlman ölkəsi, Azərbaycan möminləri üçün əhəmiyyətli olan İraqda da koronavirusla mübarizə çərçivəsində ölkə ərazisində yerləşən müqəddəs məkanlar və məscidlərdə kütləvi dini mərasimlərin keçirilməsinə məhdudiyyətlər tətbiq olunmaqdadır. Bu ölkənin nüfuzlu din xadimləri və alimləri qarşıdan gələn Məhərrəm ayı mərasimləri ilə bağlı müraciət ünvanlayaraq möminlərə Məhərrəmlik mərasimlərini öz evlərində və yaxın adamlarının ilə iştirakı ilə təşkil etmələri, sanitar-gigiyenik qaydalara riayət olunmasını tövsiyə ediblər. Din xadimlərinə fəaliyyətlərini televiziyalar, internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirmək, dindarlara kütləvi toplantılardan uzaq durmaq barədə çağırışlar ediblər.”, -deyə Mübariz Qurbanlı bildirib.

Komitə sədri son 10 gündə Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma qeydə alındığını xatırladaraq gündəlik yoluxma sayının yüzün altına düşdü və karantin rejimi qaydalarının mərhələli yüngülləşdirmə prosesinə başlanıldığını, lakin son 3 gündə yoluxma sayında yenidən artım müşahidə olunduğunu önə çəkib.

“Mütəxəssislər bu dalğalanmaya və digər ölkələrin təcrübələrinə əsasən arxayınlaşmamağı və ehtiyatı əldən verməməyi tövsiyə edirlər. Hazırkı məqamda kütləvi tədbirlər keçirilən bütün məkanlarda, böyük ticarət mərkəzlərinin, həmçinin, ibadət evlərinin fəaliyyətə başlamasını məqsədəuyğun hesab etmirlər. Artıq Operativ Qərargah tərəfindən Azərbaycanda karantin rejiminin müddəti avqust ayının 31-ə dək uzadılıb. Həmin tarixədək ibadət evlərinin fəaliyyətinə icazə verilməsi gözlənilmir.”, -deyə Mübariz Qurbanlı əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  sonra deyib: “Bu məsələyə azərbaycanlı möminlər və din xadimləri də artıq münasibətlərini bildiriblər. Onlar mütəxəssislərin rəyinə yüksək etimad göstərərək Məhərrəmlik mərasimlərində onminlərlə möminin iştirak etdiyini nəzərə alaraq bu mərasimlər zamanı sanitar-gigiyenik, sosial məsafənin saxlanması və digər qaydalara riayət olunmasına nəzarət edilməsinin mümkünsüz olduğunun vurğulayırlar. Din xadimlərinin insanların mənəvi aləmi ilə yanaşı, onların sağlamlığının qorunmasına da məsuliyyət daşıdıqlarını bildiriblər. Artıq bəzi din xadimləri Məhərrəm ayı ərzində internet vasitə ilə canlı yayım edəcəklərini, dinimizin bu ali dəyəri barədə verilişlər hazırlayacaqlarını açıqlayıblar.”

Müsahibənin linki