Azərbaycanda Daxili İşlər Nazirliyi narkotik tərkibli çətənə bitkisi becərənləri saxlayıb.

Az.shafaqna.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Cavid Əliyev saxlanılıb. C. Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 51 kiloqramdan artıq 12 ədəd çətənə kolu edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Digər əməliyyat isə Neftçalada keçirilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxil olmuş məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev saxlanılıb. E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın olan 40 ədəd çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki,  Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.