
Avqustun 17-də Azərbaycanın Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan millət vəkillərinin iştirakı ilə videokonfrans keçirilib.
Az.shafaqna.com xəbər verir ki, konfransı açıq elan edən Azərbaycanın Təhsil naziri Emin Əmrullayev bu görüşün təşkilində iştirak edən komitə sədri Bəxtiyar Əliyev başda olmaqla millət vəkillərinə təşəkkürünü bildirib.
Təhsil naziri Emin Əmrullayev ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələnin ilk növbədə insanların sağlamlığının qorunması olduğunu önə çəkib.
O həmçinin yeni dərs ilinə hazırlıqla bağlı Təhsil Nazirliyinin gördüyü işlər barədə geniş məlumat verib. Nazir COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərin ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd edib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev öz növbəsində bu əməkdaşlıq platformasını müsbət dəyərləndirərək Təhsil Nazirliyi ilə qanunvericilik hakimiyyəti arasında belə ünsiyyət kanallarının daha da genişləndirilməsinin vacib olduğunu bildirib, eyni zamanda pandemiya şəraitində yeni tədris ilinə hazırlıq mövzusunda fikirlərini qeyd edib. Komitə sədri Təhsil İnstitutunun təklifləri ilə millət vəkillərinin diqqətlə tanış olduqlarını deyib, bu sahədə Təhsil Nazirliyinin hazırlıq plan və təşəbbüslərini yüksək qiymətləndirib.
Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərli, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədli, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı rəylərini bildiriblər.
Nazir qeyd edib ki, hazırkı vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.
E. Əmrullayev təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.
Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib. Qeyd edilib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.
Tədbirin sonunda Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bügünkü görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.






























