Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah İsraillə 33 günlük müharibədəki qələbənin 14-cü ildönümü münasibəti ilə çıxış edib.

BƏƏ və İsrail arasındakı sazişə toxunan Nəsrullah bunu ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Binyamin Netanyahuya “xidmət” adlandırıb və əlavə edib ki, regionun bəzi ərəb ölkələri ABŞ-ın “qullarıdır”.

33 günlük müharibəyə gəlincə, o deyib ki, bu müharibə zamanı “İsrail ilk dəfə onun mövcudluğuna qarşı təhdidin törətdiyi qorxunu və təşvişi dadıb”.

“Hizbullah” lideri bu müharibədə İran və Suriyanın dəstəyini xatırladaraq Livan xalqının bunu heç vaxt unutmayacağını vurğulayıb.

Beyrut limanındakl partlayış barədə də danışan Nəsrullah bildirib ki, “baş vermiş hadisə ilə bağlı iki versiya var: bədbəxt hadisə və diversiya”.

Partlayışa səbəbinin diversiya olduğu sübut edilərsə, səhlənkarlıq edən hər kəsi cəzalandırmaq” lazım olacağını qeyd edən “Hizbullah” lideri ilk olaraq araşdırmanın aparılmasının vacibliyini bildirib.

O əlavə edib ki, “əgər İsrailin bu partlayışda əli olarsa”, “Hizbullah” bu cür böyük cinayətə dözməyəcək və İsrail buna görə cavab verəcək.