
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, İran İsrail və BƏƏ arasındakı ikitərəfli münasibətlərin normallaşmasına dair sazişi pisləyib və onu strateji xəta adlandırıb.
Bu haqda İran XİN bəyanat yayıb.
“İranın Xarici İşlər Nazirliyi BƏƏ və sionist rejimi arasında diplomatik münasibətlərin bərqərar edilməsini sərt şəkildə pisləyir”, – deyə sənəddə bildirilir.
Sözügedən sazişi strateji səhv adlandıran İran tərəfi əlavə edib ki, “bu, şübhəsiz, regionda (İsrailə qarşı) müqaviməti gücləndirəcək”.
Həmçinin qeyd edilir ki, Fələstin xalqı və “dünyanın bütün azad xalqları” heç vaxt İsrailin Fələstin torpaqlarını işğal etməsi ilə razılaşmayacaq və “sionist rejiminin cinayətlərini” bağışlamayacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BƏƏ və İsrail arasında sülh sazişinin əldə edildiyini elan edib. Ölkə rəsmiləri yaxın həftələrdə görüşərək ikitərəfli razılığı imzalayacaqlar.






























