Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı baş tutub. Az.shafaqna.com interfax-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat verib.

“İkitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığının gələcəkdə möhkəmlənməsinə yönələn qarşılıqlı niyyət təsdiq olunub. İ.Əliyev koronavirus infeksiyasına qarşı ilk Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə V.Putini təbrik edib”, – Kremlin məlumatında qeyd olunur.

Bundan başqa, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematika ilə bağlı fikir mübadiləsi aparılıb.

“Rusiya tərəfindən gərginliyin artmasına gətirən istənilən hərəkətlərin yol verilməməsinin vacibliyi vurğulanıb”, – məlumatda bildirilir.