
Az.shafaqna.com xəbər verir ki, karantin rejimi ilə əlaqədar Azərbaycanda polis tərəfindən növbəti reyd keçirilib.
- Mingəçevir
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydaları riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Ümumilikdə qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
- Saatlı
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.
- Saatlı
Saatlıda koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib. Reyddə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən İlham Quliyev və Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev iştirak ediblər.
Həyata keçirilən reyd zamanı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində vətəndaşlarla maarifləndirmə işləri aparılıb, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunub. Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
- Goranboy
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
- Ağcabədi
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir. Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb. Eyni zamanda ciddi qayda pozuntusuna yol verən velosipedçilər saxlanılıb. Kobud şəkildə qaydaları pozan 10 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib edilib.
- Ağdaş
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə rayon ərazisində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər. Reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri aşkar olunub. Qaydalar və tələblər onların diqqətinə çatdırılıb. Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi bir daha izah olunub. Bununla yanaşı edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolu tərtib olunub.
- Quba
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Quba rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər şəxs aşkarlanıb.
Qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər.
- Neftçala
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Təəssüflər olsun ki, hələ də xüsusui karantin rejiminin tələblərinə riayət etməyənlərə rast gəlinir. Belə ki, Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 17 nəfər polis şöbəsinə gətirilib. Onlardan 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.


























