Az.shafaqna.com “Life”-yə istinadən xəbər verir ki, ötən axşam Belarusun paytaxtı Minskdə prezident seçkiləri ilə bağlı etiraz aksiyaları davam edib.

Yayılmış videoların birində görünür ki, şəhərdə güc strukturu əməkdaşları həyətə daxil olaraq mənfi çağırışlar səsləndirilən çoxmərtbələri binaya tərəf atəş açıblar.

Hadisə Kamennaya Qorka rayonunda baş verib. Etirazçılar hüquq-mühafizəçilərindən qaçaraq binaların girişində gizləniblər, sonuncular isə təqibə başlayıblar. Bina sakinləri güc strukturu əməkdaşları görən zaman “Biabırçılıq!” və “Rədd olun!” qışqırmağa başlayıblar. Cavab olaraq isə atəş səsləri eşidilib.

Xatırladaq ki, Belarusda prezident seçkilərinin nəticələri elan edildikdən sonra Minskdə etiraz aksiyaları başlayıb. Elan edilən nəticələrə əsasən, hazırkı prezident Aleksandr Lukaşenko 80%-dən çox səs toplayıb, onun əsas rəqibi Svetlana Tixanovskaya isə təxminən 10% səs toplayıb. Lakin Tixanovskayanın tərəfdarları nəticələrlə razılaşmayaraq etiraz aksiyalarına başlayıblar.