
Az.shafaqna.com “The New York Times”-ə istinadən xəbər verir ki, ABŞ-da 18 yaşlı gənc “TikTok”-da məşhurlaşmaq xatirinə 51 yaşlı qonşusunu qətlə yetirib.
Faciə may ayının əvvəli Nyu-Cersidə baş verib. Qətlə yetirilmiş həbsxana nəzarətçisi Vilyam Daremin vəkilləri hesab edirlər ki, onu ABŞ Milli Qvardiyasının sıravi əsgəri Zakari Latem “TikTok” sosial şəbəkəsindəki baxış sayına görə öldürüb.
Məlumata görə, qonşular arasında iki il idi ki, münaqişə yaşanırdı, onlar arasında həmişə Latemin “dəlicəsinə” maşın sürmə xasiyyətinə görə mübahisələr yaşanırdı. Qeyd edilir ki, Zakari Daremlə dalaşmalarını videoya çəkərək “TikTok”-a yerləşdirirdi: həmin videolar orada populyar idi, belə ki, onlardan biri 3 milyon dəfə izlənilib.
Qətl 4 mayda baş verib. Zakari Daremlər ailəsinin 17 yaşlı oğlunu avtomobili ilə vurmaq istəyib, bundan sonra o, elektroşoker və bıçaqla Vilyam Daremə hücum edib və onu qətlə yetirib.
Daremlər ailəsinin vəkilinin sözlərinə görə, Latem sosial şəbəkə ulduzuna çevrilmək üçün qonşusunu qəsdən öldürüb. O xatırladıb ki, şübhəlinin arvadı Sara etiraf edib ki, onlar həmin videonu şəbəkəyə yerləşdirərək məşhur olmaq istəyirlər.






























