Az.shafaqna.com “Times Now News”-ə istinadən xəbər verir ki, Hindistanın Kampur şəhərinin sakini onun üçün keçirilmiş dəfn mərasimindən iki gün sonra evinə qayıdıb.

Bu haqda şəhər polisi məlumat verib.

İnsident cari ayın əvvəlində baş verib. Əhməd Həsən həyat yoldaşı ilə küsüşdükdən sonra evdən gedib. Narahat qalan qohumlar itkin düşmə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

5 avqustda polis Əhməd Həsənə bənzəyən cəsəd tapıb. Arvadı və qardaşları cəsədi tanıyıblar. Həmin gündəcə dəfn keçirilib.

Lakin 2 gün sonra kişi evə qayıdıb. Qorxmuş qonşular polis çağırıblar, Əhməd Həsən şöbəyə gətirilib.

“Mərhum” deyib ki, evdə arvadı ilə dalaşdıqdan sonra əlavə qazanc əldə etmək qərarına gəlib və zavodda işə düzəlib. Maaş aldıqdan sonra evə qayıdıb, lakin evdə heç kimi tapmayıb. Dəfn haqqında polisdən məlumat alıb.

Əhmədin həyat yoldaşı ərini sağ gördüyünə görə sevindiyini etiraf edib. O deyib ki, cəsədin tanınması zamanı bir az şübhələnsə də, “mərhumun” qardaşları onu inandırıblar.

Polis isə artıq dəfn edilmiş şəxsin kimliyini müəyyən etməlidir.