Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov 2019-cu ildə 147,99 milyon rubl (təxminən 2 milyon dollar) qazanıb ki, bu, əvvəlki illə müqayisədə 140 milyon rubl daha çoxdur.

Buna regional hökumətin saytında yerləşdirilən gəlirə dair deklarasiya dəlalət edir.

Belə ki, 2019-cu ildə 1 yanvardan 21 dekabradək Kadırov 147 997 849,29 rubl qazanıb.

Dərc edilmiş məlumatlara əsasən, o, 2018-ci ildə 7,58 milyon rubl (təxminən 103 min dollar) qazanıb.

Çeçenistan başçısı 28 361 kvadrat metrlik torpaq sahəsi də əldə edib. Bundan başqa, onun mülkiyyətində 3668 kvadrat metrlik torpaq sahəsi və 2344,6 kvadrat metr sahəsi olan yaşayış evi də var.

Onun həyat yoldaşının 2019-cu ildəki gəlirləri isə 2 456 321,32 rubl (təxminən 33,3 min dollar) təşkil edib, 2018-ci ildə isə 60 min rubl (təxminən 813 dollar) olub. Həmçinin onun həyat yoldaşının adında 209,8 kvadrat metr sahəsi olan ev də var.

Təqdim edilmiş məlumata əsasən, Kadırov, onun həyat yoldaşı və 12 yetkinliyə çatmamış övladının istifadəsində 300 kvadrat metr sahəsi olan ev var.