
Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Səudiyyə Ərəbistanını İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Kəşmirlə bağlı iclasının keçirilməsinə mane olmaqda ittiham edib.
Qureyşi qeyd edib ki, əgər Səudiyyə Ərəbistanı öz mövqeyini dəyişdirməsə, Pakistanı dəstəkləyən İƏT ölkələri Cammu və Kəşmirlə bağlı ayrı konfrans keçirəcək.
Nazir İƏT-i regiondakı vəziyyətlə bağlı xarici işlər nazirləri səviyyəsində iclas keçirməyə səsləyib. O əlavə edib ki, əks halda Pakistan Baş nazirinə Kəşmir mövzusu ilə bağlı beynəlxalq konfrans keçirmək üçün dost müsəlman ölkələrini toplamaq xahişi ilə müraciət etməli olacaq.
“Bu, son dərəcə prinsipial məsələdir. Fars körfəzi(nin ərəb) ölkələri problemin ciddiyilini anlamalıdır. Kəşmirlilər əziyyət çəkdiyi bir zamanda biz susa bilmərik”, – deyə o əlavə bildirib.
Xatırladaq ki, Hindistan parlamenti çərşənbə günü Hindistan konstitusiyasının 370-ci maddəsinin ləğv edilməsinə dair təşəbbüsü təsdiqləyib. Həmin maddə Cammu və Kəşmirə xüsusi muxtar status verirdi.
Bu qərar Pakistanın kəskin narazılığına səbəb olub. İslamabad Dehlini BMT TŞ-ın qətnaməsini pozmaqda ittiham edib və cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.






























